EN

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

Hazırda qlobal miqyaslı tədbirlərin ölkələrin beynəlxalq nüfuzunun formalaşmasında mühüm rolu var. Bu baxımdan dünya şəhərlərinin gələcəyinin müzakirə olunduğu ən nüfuzlu platformalardan biri olan Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının  (WUF13) Azərbaycanda keçirilməsi sıradan bir tədbir deyil.  Bu  mühüm hadisə ölkəmiz üçün yeni imkanlar qapısı açır, Azərbaycanın qlobal səviyyədə mövqeyini daha çox möhkəmləndirir.

Öncə onu deyək ki, 2023-cü il dekabrın 22-də "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş" imzalanıb, 2024-cü ilin martında isə Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. 2025-ci il aprelin 25-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib. Həmin il iyunun 5-də qlobal tədbirin  keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Forumun mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri"dir. Yüksəksəviyyəli dövlət rəsmiləri, beynəlxalq təşkilatların üzvləri,  memarlıq və şəhərsalma üzrə ekspertlər forumun işində iştirak edəcəklər.

Məlumdur ki, son illər Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə evsahibliyi edərək qlobal gündəlikdə fəal iştirakını nümayiş etdirir. Bu baxımdan  2024-cü ilin noyabrında COP29-un Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Həmin mötəbər toplantı iqlim dəyişmələrinə qarşı ortaq həll yollarının müzakirəsi üçün geniş imkan yaratdı. COP29 Azərbaycanın beynəlxalq nüfuzunu  artırmaqla yanaşı, ölkənin ekoloji məsələlərə həssas yanaşdığını və dayanıqlı inkişaf istiqamətində ciddi addımlar atdığını göstərdi. Qlobal tədbirdə qəbul olunan qərarlar və aparılan müzakirələr bütövlükdə dünya üçün əhəmiyyətli oldu.

Məhz belə bir uğurlu təcrübənin davamı kimi WUF13-ün də Bakıda keçirilməsi təbii ki, qanunauyğunluqdur. Bu forum COP29-dan sonra ən böyük və strateji əhəmiyyətli qlobal platformalardan biri hesab olunur. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın  şəhərsalma və azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin beynəlxalq miqyasda tanınmasına yeni imkanlar açır. Bu, ölkəmizin qlobal səviyyədə də urban inkişaf proseslərinə töhfə verən iştirakçıya çevrildiyini göstərir. Beynəlxalq  tədbir Azərbaycan üçün yalnız əldə olunmuş uğurları nümayiş etdirmək fürsəti deyil. Bu, eləcə də iqlim dəyişmələri, şəhər mühitinin effektiv idarə olunması və dayanıqlı inkişaf məqsədləri istiqamətində yeni tərəfdaşlıqların qurulması, beynəlxalq təcrübənin mənimsənilməsi və gələcəyə yönəlik strateji addımların müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Ekspert və mütəxəssislər belə qənaətə gəliblər ki, forum  iqlimə davamlı və innovativ şəhər modellərinin ölkəmizdə tətbiqi üçün real imkanlar yaradacaq. Üstəlik, Azərbaycanın şəhərsalma siyasətində böyük fayda sərgiləyəcək, "ağıllı şəhər" modelinin tətbiqi kimi istiqamətlərdə Bakıya ciddi metodoloji töhfə verəcək. Forum Azərbaycanın Vətən müharibəsindən sonrakı dövrdə rekonstruksiya modelini qlobal səviyyədə təqdim etməsi üçün unikal platformadır. Bu tədbirdən sonra Bakı regional urban innovasiya mərkəzinə çevrilə bilər. 

Amma bu, o demək deyil ki, forum yalnız uğurların nümayişi ilə məhdudlaşacaq. Tədbir şəhərsalma sahəsində mövcud problemlərin müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi üçün mühüm zəmin yaradır. Əslində, "Müasir dövrdə şəhərsalma hansı problemlərlə üz-üzədir və bu problemlərin həlli yolları nədən ibarətdir?" sualı bu cür tədbirlərin əsas müzakirə mövzusunu təşkil edir. Belə beynəlxalq sessiyaların  məqsədi də məhz bu kimi suallara cavab tapmaq, mövcud problemlərə qarşı effektiv yanaşmalar formalaşdırmaqdır. 

Şəhərsalma memarı, professor Cahid Həsənovun fikrincə, əvvəlki dövrlərdə formalaşmış şəhərsalma modelləri artıq müasir tələblərə cavab vermir: "Bu gün dünya şəhərləri iqlim dəyişmələri, ətraf mühitin qorunması və insan komfortu kimi prioritetlərlə üz-üzədir. Sıx tikinti, təbii havalandırmanın zəif olması kimi problemlər yeni urban yanaşmaların zəruriliyini ortaya qoyur. Artıq şəhərlərin planlaşdırılmasında təbii işıqlanma, havalandırma, yaşıllıq zolaqlarının genişləndirilməsi və ekoloji balans əsas prioritetlərdəndir. Bu həm də "ağıllı şəhər" konsepsiyasının əsasını təşkil edir". 

Belə peşəkar yanaşma da göstərir ki, şəhərsalma artıq yalnız memarlıq və planlaşdırma məsələsi deyil, həm də qlobal problemlərə  cavab verən kompleks bir sahəyə çevrilib. Məhz bu kontekstdə WUF13-də sürətli və çox vaxt xaotik urbanizasiya, iqlim dəyişmələri, həmçinin artan sosial bərabərsizlik nəticəsində yaranan müasir dövrün kritik problemləri geniş şəkildə müzakirə olunacaq. Başqa sözlə, Bakı dünyada milyonlarla insanın üzləşdiyi problemlərin həlli üçün əsas mərkəzə çevriləcək. 

WUF13- də səsləndiriləcək  fikir və təkliflər milyonlarla insanın gündəlik həyatına təsir edən urban problemlərin həllinə yönəlmiş beynəlxalq yanaşmaların formalaşmasına töhfə verəcək.  Müzakirələr şəhərlərin daha dayanıqlı, ekoloji cəhətdən balanslı və insanyönümlü şəkildə inkişafına şərait yaradacaq. Və əldə olunan təcrübə və qəbul edilən qərarlar gələcək şəhər planlaşdırılmasında daha səmərəli modellərin tətbiqinə yol açacaq. Bu isə uzunmüddətli perspektivdə şəhər mühitinin keyfiyyətini artıraraq insanların həyat şəraitinə müsbət təsir göstərəcək.

Şübhəsiz, WUF13 Azərbaycanın mövqelərini daha çox möhkəmləndirəcək, nüfuzunu artıracaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dayanıqlı inkişaf, innovativ şəhərsalma və müasir idarəetmə sahəsində regional liderlik nümunəsi nümayiş etdirəcək, qlobal inkişaf naminə yeni beynəlxalq tərəfdaşlıqların formalaşmasına töhfə verəcək.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

1Sources