Naxçıvan Muxtar Respublikasında bazar günü təşkil edilən məcburi iməclik ağır faciə ilə nəticələnib. Şəhərdən təxminən 10 km aralıda yerləşən Uzunoba su anbarında bəndin qapısını açmaq üçün suya enən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Qalayev Zamin Zeynəlabidin oğlu həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat verib. Onun sözlərinə görə, hadisə Naxçıvanın yeni rəhbərliyinin göstərişi ilə ərazidəki yaşıllıqların suvarılması üçün təşkil edilən iməclik zamanı baş verib. Məlumata görə, istirahət günündə təcili olaraq xidmətə çağırılan Zamin Qalayev Uzunoba gölünün tutulmuş bənd qapısını açmaq üçün su altına enib. Lakin dalğıc aparatının balonunda oksigenin yetərsiz olması səbəbindən o, suyun altında havasız qalaraq boğulub.
Bildirilir ki, artıq bir neçə gündür davam edən iməclik tədbirlərində bəndin açılmaması səbəbindən ərazidəki ağacların suvarılması mümkün olmayıb. FHN-in yerli idarəsinin texniki təhlükəsizlik qaydalarına laqeyd yanaşması və avadanlıqların işləkliyini yoxlamadan əməkdaşı riskli tapşırığa göndərməsi bir ailənin faciəsinə yol açıb. Qeyd edək ki, 1961-ci ildə istismara verilən və 9 milyon kubmetr su tutumu olan Uzunoba su anbarı ətrafındakı Nəbatət bağı və meşə zolağı son illər ciddi susuzluq problemi ilə üzləşib.
Naxçıvan Fövqəladə Hallar İdarəsi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. İddialara görə, yerli rəhbərlik faciənin ictimailəşdirilməməsi üçün xüsusi tapşırıq verib və nazirlik rəsmiləri media sorğularından yayınmağa çalışırlar.
Aliyə,
NOCOMMENT.az
