"Qarabağ"ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev ilk dəfə Əvəzedicilər Liqasında meydana çıxıb və qol vurub.
Cinah müdafiəçiləri 24-cü turda "Qarabağ-2"nin "Zirə-2"yə qalib gəldiyi matçda fərqləniblər.
Hüseynov 49-cu dəqiqədə rəqib qapısına yol tapıb. Cəfərquliyev isə 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Görüş "Qarabağ-2"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıblar.
Əvəzedicilər Liqasında meydana çıxmaq onların öz təşəbbüsü ilə olmayıb. Bu haqda göstəriş Qurban Qurbanovdan gəlib.
Təcrübəli mütəxəssis "dubl"u çalışdıran Maksim Medvevə tapşırıq verib ki, cəzalandırdığı cütlük orada yalnız məşq etməklə kifayətlənməsin.
Cəfərquliyevlə Hüseynov onlara çatdırılan mesajı elə də isti qarşılamayıb.
Tapşırığın əksinə çıxacaqları təqdirdə, böyük miqdarda cərimələnəcəkləri barədə məlumat aldıqdan sonra forma geyinməyə razılaşıblar.
SPORTİNFO.AZ