EN

Səfir: Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır

"Qarabağa ilk səfərim olmasa da, bölgədə həyata keçirilən layihələr məndə çox müsbət təəssürat yaradıb"...

Bunu APA-nın Qarabağa ezam olunmuş əməkdaşına Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov deyib.

“Təəssüratlarım çox müsbətdir. Qarabağda artıq bir neçə dəfə olmuşam və ümumilikdə, görülən işləri yüksək qiymətləndirirəm. Belə səfərlərin təşkili bizim üçün çox faydalıdır. Slovakiya şirkətlərindən biri Ağdam rayonunda kənd tikintisi layihəsində iştirak edir”, - diplomat bildirib.

O, iki həftədən sonra Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda Slovakiyanın da təmsil olunacağını açıqlayıb: “Forumda Slovakiya təmsil olunacaq. Baş nazirin müavini və regional inkişaf naziri Bakıya gələcək”.

Diplomat əlavə edib ki, yaxın vaxtlarda Slovakiya parlamentinin spikerinin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bundan başqa, Slovakiya prezidentinin də Azərbaycana səfərinin nəzərdə tutulduğu bildirilib.

“Prezidentimizin də Azərbaycana rəsmi səfəri planlaşdırılır və o da Qarabağı ziyarət etmək istəyir. Buna görə yaxın zamanda yenidən bura gələcəyik”, - səfir qeyd edib.

Səfir Azərbaycanın Slovakiya ilə bir sıra sahələrdə əməkdaşlıq imkanlarının olduğunu da vurğulayıb: “Biz müdafiə sənayesi və infrastruktur layihələri sahəsində yaxşı əməkdaşlıq edirik. Əməkdaşlıq üçün çox sahə var”.

Poliqon.info

Chosen
31
50
poliqon.info

10Sources