"Avropa Parlamenti 2020-ci ildən bəri Azərbaycan əleyhinə 10-dan çox qətnamə qəbul edib. Bunu qısaca olaraq Xristian Birliyinin Türk-Müsəlman Dünyasına qarşı “Səlib Yürüşləri”nin davamı da adlandırmaq olar". 
Bu sözləri Musavat.com-a açıqlamasında beynəlxalq münasibətlər üzrə politoloq Şəhla Cəlilzadə deyib. Politoloq həmin qətnamələrin bəzilərini xatırladıb: "20 may 2021-ci il tarixli qətmamə “hərbi əsirlər” - Azərbaycanlılara qarşı müharibə cinayətləri törədənlərin azadlığa buraxılması;
10 mart 2022-ci il tarixli qətnamə Qarabağda erməni mədəni irsinin guya “dağıdılması” ;
19 yanvar 2023-cü il tarixli qətnamə Laçın yolunda gənclərimiz tərəfindən keçirilən, ermənilərin törətdiyi ekosidə qarşı ekoaksiyanın dayandırılmasına çağırış və Laçın yolunun bağlanmasının səbəb olduğu uydurma “humanitar fəlakət” haqda qətnamələr var. Bundan sonra, yenə həmin il, yəni 2023-cü ildə Aİ-Azərbaycan münasibətlərinə yenidən baxılmasına çağırış və Qarabağdakı terrorçu-işğalçı-separatçı qüvvələrin 1 günlük əməliyyatla darmadağın edilməsindən sonra Azərbaycana Aİ tərəfindən sanksiyaların tətbiqinə, enerji əməkdaşlığının durdurulmasına çağırış edib. 2024-2025-də Qarabağ ermənilərinin hüquqları, Azərbaycanda insan hüquqları, “siyasi məhbuslar” haqda qərəzli qətnamələr qəbul etdiyini yada salaq. 30 aprel 2026-cı il tarixli qətnamə Ermənistandakı seçkilər barədə, həmçinin Qarabağ ermənilərinin qayıdışına və Azərbaycanda həbsdə olan erməni cinayətkarlarının azadlığa buraxılmasına çağırış idi.Təsadüfi deyil ki, Ermənistan baş naziri Nikol Paşinyan bu ilin yanvarında Avropa Parlamentində çıxışından sonra onlara Mxitar Qoşun “Qanunlar toplusu”nu Ermənistana aid ilk tarixi-hüquqi sənəd kimi hədiyyə etmişdi. Halbuki bu toplu “Kilikiya krallığı” – Səlib yürüşləri dövründə türk-müsəlman torpaqlarında ermənilərin yaşadığı ərazidə yaradılan “dövlətə” aid idi. Başqa sözlə, üstündən 8–10 əsr keçsə də, xristian birliyi Ermənistanı hələ də türk-islam dünyası önündə sonuncu qala kimi qorumağa çalışır".
Şəhla Cəlilzadə vurğulayıb ki, bu fonda ermənilərin tarixi yalanlarına və iddialarına müvafiq qətnamələrdə yer verilir, Azərbaycanın haqlı mövqeyi isə görməzlikdən gəlinir:"Hətta qondarma rejimin ləğv olunmasından dərhal sonra Azərbaycanın AŞ PA-dakı nümayəndəliyinin fəaliyyətinin dondurulduğunu da “qisas əməliyyatı” kimi qeyd etmək olar. Nəticə olaraq Azərbaycan Avropa Parlamenti və Avronest ilə əməkdaşlığı dayandırmaq qərarı aldı.Bu, müəyyən müddətə siyasi dialoqu zəiflətsə də, Azərbaycan və Avropa arasında nəqliyyat-logistika, enerji təhlükəsizliyi kimi sahələrdə strateji əməkdaşlığın davam edəcəyi şübhəsizdir. Avropada differensial inteqrasiya formatının dövlətlərin milli maraqlarının ümumittifaq maraqlarından daha çox önə çıxması kimi meyillərin artması burada əsas amil kimi qiymətləndirilə bilər".
Xalidə Gəray
Musavat.com