Azərbaycan və Çili arasında çoxtərəfli gündəlikdə səmərəli əməkdaşlıq qurulub.
Trend xəbər verir ki, bunu Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares Şərqi Zəngəzur və Qarabağ səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bu, mənim Qarabağa ilk səfərimdir. Azərbaycanın öz gələcəyini necə gördüyünü və uzun müddət münaqişə zonası olmuş bu ərazinin bərpası üzərində necə işlədiyini öyrənmək imkanım olduğu üçün çox şadam. Hazırda burada sülh bərqərar olub. Buna görə də hökumətin hansı planları həyata keçirdiyini yerində görmək çox vacibdir", - deyə diplomat bildirib.
Alvares Azərbaycan və Çilinin çoxtərəfli platformalarda səmərəli əməkdaşlıq edir.
"Biz, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə əməkdaşlıq etmişik. Aktiv siyasi koordinasiya, eləcə də COP29 çərçivəsində qarşılıqlı fəaliyyət olub. Yəni çoxtərəfli gündəlikdə kifayət qədər effektiv əməkdaşlığımız formalaşıb. Hazırda əsas məqsədimiz ikitərəfli ticarəti inkişaf etdirməkdir - bu, cari il üçün əsas vəzifəmizdir. Biz Azərbaycandan bəzi texnologiyaları və həmçinin dərman preparatlarını alırıq. Öz növbəmizdə isə məhsullarımızın, o cümlədən balıq, xüsusilə qızılbalıq, eləcə də təzə və qurudulmuş meyvələrin ixracını artırmaq istəyirik",- deyə o əlavə edib.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.
İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.
Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.