EN

Tutaq ki, media da qalmadı, sonra nə olacaq?..

Əvvəllər, bəli, insanlarımız hələ özlərinə əziyyət verib nəyləsə maraqlananda çox məşhur sual vardı: “Filankəs, bu işlərin axırı necə olacaq?”

İndi o illəri xatırlayanda, xüsusən də o məşhur sual yadıma düşəndə bir tərəfdən gülmək tutur məni, o biri tərəfdən də özümü yığışdırıb, toparlayıb demək istəyirəm ki, dostlar, deyəsən, artıq axırı çatır axı?..

Yox, məni ifrat pessimizmdə - filanda, “parlaq gələcəy”imizə inamsızlıqda suçlamyaın, bu ölkədə əgər 62 il yaşa bilmişəmsə, Vallah, dünyanın ən böyük optimistlərindənəm.
Həm də özümü böyük adam saymıram, amma, inanın, bizim bəzi “böyük”lərdən qat-qat çox oxumuşam. Odur, hərdən bilirsinizmi, ağlımdan nə keçir? Fikirləşirəm ki, bu optimizm deyilən şey, ümumiyyətlə, haradan peyda olubdur? Fəlsəfəyə “elmlər elmi” deyirlər, amma böyük fəlsəfədə, böyük filosofların əsərlərində optimizmdən qəti əlamət yoxdur.

Bu sözüm sizə daha inanadırıcı görünər, çünki mənim əsl peşəm – ixtisasım olub, amma dəqiq elmlərin tacı sayılan fizika da Dünyanın, Günəşin, hətta Yerin gedişatıyla bağlı optimist bir ssenari demir, vaxtilə bunları oxuyanda düşünürdüm ki, Allahım, doğrudanmı, ÖZÜNÜN YARATDIĞIN bu böyüklükdə MÖCÜZƏDƏN beləcə asanlıqla imtina edəcəksən?

Ona görə də hərdən mənə də elə gəlir ki, optimizm deyilən şeyi də siyasətçilər uydurublar ki, insanları nəyəsə inandırıb tərəflərinə çəksinlər, onlarda yaşamağa stimul, həvəs olsun: belədəsə, bu Dünyada insanı məyusluqdan savayı bir şey müşayət edibmi və ya edirmi?..

Nə başınızı ağrıdım, SSRİ-nin çöşüşüylə bağlı nə yazmaq lazımdırsa, bizdən də qat-qat savadlı və məlumatlı adamlar hamısını yazıb, ən xırda neqativindən tutmuş ən böyük pozitivinədək! Nəsə qalıbsa, onlar da nə vaxtsa yazılacaq, hamı bir yana, tarixçilər tayfası tutduqlarını buraxan deyil, az qala, min ildir Misirin fironlarından və ehramlarından yazırlar, hələ də bitirmirlər, davam edirlər.
Jurnalistlərin işi bir az başqadır, daha çox bugünün fironlarıyla məşğul olurlar; ya fironlar onların axırına çıxır, ya da onlar fironların...

Bu səbəbdən də keşmiş SSRİ konteksində bircə cümlə yazacağıq və o, da budur ki, sözsüz, möhtəşəm hadisəydi, amma həm böyük qurtuluş idi, həm də çox böyük şok – bəli, sonuncuya qətiyyən təəccüb etməyin, yüz milyonlarla insan həm də böyük şok yaşadı, ona görə ki, heç də hamıını birdən - birə xoşbəxt gələcək gözləmirdi, hamının dərhal reallaşdırılası, uğurlu ideyası, imkanı və sehrli çubuğu yox idi.

İnsanların çoxu, özü də sadəcə, illərlə tezdən işə yollanan, axşam evə qayıdan, ayda iki dəfə maaş cədvəlinə qol çəkən adi adamlar da artıq hər şeyi özləri yaratmalı, qurmalı idilər, bəli, məhz özləri!

Ona görə də böyük şok yaşadılar, çünki sanki akvariumda doğulmuş balıqları götürüb birdən dəryaya atırdın ki, get, yaşa! Sanki zooparkda qəfəslərin qapısını açıb heyvanları təbiətə buraxırdın ki, get, özün yaşa!

Gənc nəsil üçün guya digərlərindən fərqli böyük fürsət yarandığını düşünənlər də vardı. Amma əslində belə deyildi, gənc nəsil üçün də xüsusi təklif-tələb yox idi, onlar da hər şeyi özləri etməli idilər. Əgər söz yaradıcı adamlardan gedirdisə, elə insanlarçün fürsət yaranmışdı ki, artıq müəyyən “yaradıcı baqaj”a malik idilər, təklif etməyə nələrisə vardı...

Odur ki, bir daha deyirəm, yüz milyonlarla insan, eləcə də o dövrki gənclik çox böyük şok yaşadılar və onları sarsıntıdan xilas etmək üçün yenə də haradansa “optimizm”, “ümid” və s. cəfəngiyyat yarandı, hamı da növbəti dəfə inandı bütün bunlara; başqa yol da yox idi, inanmaqdan qeyri yol vardmı? Vallah, yox idi.

Proses bir nəslin ömrü qədər çəkdi. İndi bu nəsil yavaş-yavaş “sahilə” yan alır və ən dəhşətlisi budur ki, bu nəslin ömrünü həsr etdiyi hər şeyi elə öz boynuna yükləyib, özünə kəfən edib o biri Dünyaya yola salmaq istəyirlər, sanki artıq, lazımsız bir şey kimi.

Sanki bunlar kimsəyə lazım deyilmiş! Sanki bir nəsil ömrünü ən faydasız bir işə həsr edibmiş! Daha dəhşətlisi budur ki, bu nəsil də heç olmasa, “sonuncu Qu nəğməsini” oxuya bilərdi, amma etmir, bilirsinizmi, niyə? Yenə də həmin yalançı ÜMİD, yalançı OPTİMİZM təkcə mane olmur, bəli, növbəti dəfə aldadır: guya nə vaxtsa tamam yeni insanlar peyda olacaq ölkədə və hər şeyi arayıb həqiqəti üzə çıxaracaqlar və bizim nəslin vaxtilə “öndəgedən”lərinə böyük heykəllər və abidələr ucaldacaqlar...

İndi bunları görüb susanlara “müdrik”, susa bilməyənlərə, hələ də danışanlarasa az qala, “ağılsız”, “çərənçi” deyirlər, həm də ona görə ki, siyasi serial hələ bitməyib, əksinə onun növbəti seriyaları hazılanır və çəkilir; susanlara, “sakitcə kütləvi çəkilişlər”ə qatılanlara qonarar verilir, susa bilməyənlərəsə cəzalar nəzərdə tutulur. Susmayan, danışmaq istəyənlərin də əslində daha dişsiz çənələrindən başqa şeyi yox – onların daha nə partiyaları var, nə qəzetləri, heç QHT-ləri də qalmayıbdır.

Partiyalar artıq uzaq keçmişdir – nəinki “qırxı”, “ili” də çıxıb. Növbəti səhifə çevrilir – media da yoxluğa istiqamət götürür. Sakitcə, seyrçi kimi seyr edənlər də var prosesi, yanıb-qovrulanlar da, hətta bu prosesdən də nə qədər qazanacağını hesablayanlar da. Əslindəsə medianın yaşadığı problemlərin, olsa-olsa, 20-25 faiz obyektiv səbəbləri var: indi dünyada da müəyyən, oxşar tendensiyalar hiss olunmaqdadır.

Amma yenə də düşünürük ki, bizim medianın yaşadığı problemlərin 70-80 faizi sünidir, istiqamətləndiriləndir və hətta bəlkə də kənardan yaradılandır: adam sadəcə, hər şeyi tam çılpaqlığıyla deyə bilmir, amma, qardaşlar, kişilər, dostlar, bir görün, nə baş verir?

Çap mediası atıq yoxdur, saytlarda baş girələyən jurnalistlərin sayı hər gün azalmaqdadır, bəs artan nədir? Media üzrə ekspertlər, mediyayla bağlı pafoslu söz - söhbətlər, hətta hansısa layihələr! Bir də görürsən, hansısa təhlükədən söz açırlar! Ay başınıza dönüm, olmayan bir şeyin axı nə təhlükəsi olar? Axı artıq hiss olunur ki, yavaş-yavaş hər şey ona doğru gedir ki, formal olaraq bir-iki “xəbər saytı” qalsın, yazan-pozan, nəsə araşdıran, münasibət bildirən olmasın.

O ki qaldı “xəbər saytları”na – sanki “qəbristanlıq”dır. Deməli, bir - iki alababat yazı qoyurlar səhifəyə. Onlar aylarla, hətta illərlə qalır və yalnız xəbərlər təzələnir: Azərbaycana filankəs gəldi, Azərbaycandan filankəs getdi! Vəssalam!.. İnanırsınız, adam dəhşətə gəlir ki, axı nə böyük işdir, heç olmasa, ayda bir dəfə bu yazıları təzələmək? Dünyada, ölkədə nə qədər hadisələr baş verir! Hiss olunur, heç kim saytların oxunaqlı olmasında maraqlı deyil, yazıq jurnalistlər neyləsinlər? Bu “sayt”lar da sanki sadəcə, görüntü üçündür–elə bil gənc və yaraşıqlı dövlətimizə bir az da yaraşıq vermək üçündür.

Bir-iki sayt zorla olsa da hələki mövcudluğunu birtəhər saxlayır. Amma proses bir gün onlara da çatacaq. Sonra nə olacaq? Ən qanqaraldan məqam bilirsiz, nədir? Bir də görürsən, bəli, dünyanın hansısa yüzüncü dərəcəli ölkəsinin yuzüncü dərəcəli qəzetində Azərbaycan haqqında nəsə yazılır. Bəli, başlamırmı tərif, reklam! Nolar, bunu öz medianız üçün də edin! Qoy, onlar da öyünsünlər ki, bax, Azərbaycanın filan qəzeti -saytı bizdən yazıb, yoxsa ölkələr təkcə neftlə-qazla tanınmır ki! Bu neft-qaz məsələsi bizi tamam çaşdırıb, az qala, Avropaya minnət qoyuruq ki, bəs sizə neft-qaz satırıq! Qardaşlar, bunun da minnəti var? Nefti-qazı satıb pulumuzu alırıq də, yoxsa vaxtilə L.Brejnev kimi Şərqi Avropa ölkələri üçün havayı “Drujba” neft, yaxud qaz kəməri çəkməmişik ki?..

Nisbətən yaşlı jurmalistlərə hərdən dost-tanış zarafatla bilirsiniz, nə deyirlər? Gedin, nə bilim, dərs deyin! Çoxumuzun həyatında əslində bu dövrlər də olub – başqa peşələrdən jurnalistikaya gələnlər, eləcə də bəzi jurnalistlərin özləri də vaxtilə dərs də deyiblər. Sözüm bunda deyil. Sizə olmuş detal deyəcəm, nəticəsini özünüz çıxarın. 90-cı illərin ortaları idi. Sovet vaxtı texnikum bitirmiş (bəli, texnikum!) tanışım çox spesifik ali məktəblərin birində “mühazirə” oxuyurdu – bəli, bəli, “mühazirə” oxuyurdu!

Danışırdı ki, kitabı qabağıma qoyub oxuyuram və beş–on cümlə oxuyandan sonra tələbələrdən soruşuram ki, nəsə başa düşdünüz? Onlar xorla qayıdır ki, yox! Mən özüm də deyirəm ki, elə mən də bir şey başa düşmədim!.. Bundan sonra hələ bir istəyirik ki, bizim “ali məktəb”lər hansısa beynəlxalq reytinq siyahılarına düşsünlər! Ən dəhşətlisi nədir? Ruslar vaxtilə bəzi sferalarda (elm-təhsil) az da olsa, qaydalar yaratmışdı, indi bunların yerini “öz qaydalarımız” tutur –bax, hamımızın ömrümüzü sərf etdiyimiz müstəqil Azərbaycan reallıqda artıq budur! Söz düşmüşkən, təhsildə bircə test üsulu qalıbdır, sabah onu da bir bəhanə ilə götürsələr, şəxsən vətəndaş kimi buna təəccüblənmərəm...

Sonrası nə olacaq? Tutaq jurnalistikanı da arxivə göndərdik, bəs sonra? Yazıçı – jurnalist Əlisa Nicat məndən çox yaşlı olsa da onu həmişə dostum saymışam. Sözüm bunda deyil. Əlisa müəllim mənə danışırdı ki, sovetin vaxtında hər gün axşamlar qulağımı qəbulediciyə söykəyib “Azadlıq” radiosunda Mirzə Xəzərin ifasında “Əli və Nino” romanını dinləyirdim. Əlisa müəllim deyirdi ki, dalğaları güclü “vurur”dular, gəl, xeyri yox idi, öz işimdəydim, hər gün dinləyirdim.

Məncə, buna artıq şərh lazım deyil. Bəlkə həqiqətən də bir yaxşı-yaxşı düşünək: doğrudan da sonrası nə olacaq? Öz səslərimiz “batan”dan sonra təzədən kənar səslər axtarmayacağıq ki? İndini bilmirəm, vaxtilə bizdə xarici radiolar çox populyar olanda qardaş Türkiyədə onlara qulaq asan yox idi. Səbəbi nə idi? Bir türkiyəli qardaşımız dedi ki, əfəndim, nə ehtiyac, İstanbulun hər məhəlləsinin radiosu var...

Chosen
18
50
musavat.com

10Sources