EN

300 bal toplayan şagird: “Nə telefondan uzaqlaşdım, nə dostlarımdan”

Ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 5-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

İmtahanda maksimum - 300 bal toplayan 8 şagirddən biri də Humanitar fənlər təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdi Əsmər Səlimovadır.

AzEdu.az bu münasibətlə Əsmərlə həmsöhbət olub.

O bildirib ki, imtahana hazırlaşdığı dövrdə həm dərs oxuyub, həm də gündəlik həyatını normal şəkildə davam etdirib:

“300 bal topladığımı gördükdə ilk reaksiyam ağlamaq oldu. Daha sonra dostlarımla telefonla danışdım və birlikdə sevindik.

Əslində bu nəticəni tam dəqiq gözləmirdim. Qapalı suallara əsasən təxminən 290 bal civarında nəticə düşünürdüm, amma açıq suallar barədə tam əmin deyildim. İmtahan ümumilikdə yaxşı keçdi. İngilis dili ilə başladım, bu fənn mənim üçün çox rahat idi və vaxtımı çox almadı. Azərbaycan dili isə, xüsusilə açıq suallar bir qədər çətin oldu və daha çox vaxt apardı.

Gələcəkdə Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi üzrə təhsil almağı düşünürəm. Qəbul imtahanında 680-dən çox bal toplamağı hədəfləyirəm. Həmçinin magistratura səviyyəsində xaricdə təhsil almaq planım var.

Cəmiyyətdə belə bir fikir var ki, yüksək bal toplayan şagirdlər sosial həyatdan uzaq olur və telefondan istifadə etmir. Mən bu fikirlə razı deyiləm. Nə cəmiyyətdən uzaqlaşmışam, nə də telefonu tam kənara qoymuşam. İmtahana hazırlaşdığım dövrdə də vaxtımı düzgün bölmüşəm.

Eyni zamanda, həm dərs oxuyur, həm də normal həyatımı yaşayırdım - film izləyir, dostlarımla gəzintiyə çıxırdım. Yəni özümü tam şəkildə məhdudlaşdırmamışdım.

Uğurumun əsas sirri, məncə, disiplinli olmaqdır. Nizam-intizamla çalışmaq və müəllimlərin verdiyi dəstəyi düzgün şəkildə dəyərləndirmək çox önəmlidir.

Həmyaşıdlarıma tövsiyəm odur ki, nəticədən asılı olmayaraq insan özünə görə qürur duymalıdır. Ruhdan düşməsinlər və davamlı çalışsınlar”.

Chosen
74
50
azedu.az

10Sources