EN

Şagirdlərin NƏZƏRİNƏ: Bu iki halda məktəbə telefon və digər elektron cihazlar gətirə bilərsiniz

Azərbaycanda məktəblərdə şagirdlərin mobil telefon gətirməsi ilə bağlı qaydalar tez-tez müzakirə mövzusuna çevrilir. Xüsusilə, valideynlər üçün bu məsələ həm təhlükəsizlik, həm də təhsil mühitinin qorunması baxımından aktualdır.

Bəs mövcud qaydalara görə şagirdlər məktəbə telefon gətirə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki,

“Ümumitəhsil müəssisələrində şagird davranış qaydaları”na əsasən, ağıllı saatlar, mobil telefonlar və digər elektron cihazların məktəbə gətirilməsi və dərs zamanı istifadəsi qadağandır.

Fuad Məmmədov

“Bu qadağanın istisna halları mövcuddur. Belə ki, şagirdlər yalnız iki halda məktəbə telefon və digər elektron cihazlar gətirə bilərlər.
Birinci hal ondan ibarətdir ki, müəllim dərs prosesində şagirdlərin şəxsi elektron cihazlarından istifadəni nəzərdə tutursa mümkündür. Bu barədə valideynlər əvvəlcədən yazılı şəkildə məlumatlandırılmalıdır. Eyni zamanda, məktəb rəhbərliyi həmin cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir.
İkinci halda isə valideyn və ya qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə – məktəbə gedib-gələn zaman əlaqə saxlamaq üçün telefon verə bilər. Bu zaman məktəb cihazın dərs gününün sonuna qədər təhlükəsiz şəkildə saxlanmasına cavabdeh olur və dərs müddətində şagirdə təqdim edilmir”.

Beləliklə, qaydalara əsasən şagirdlərin məktəbə telefon gətirməsi ümumilikdə məhdudlaşdırılsa da, müəyyən şərtlər daxilində buna icazə verilir. Məqsəd isə həm tədris prosesinin pozulmamasını təmin etmək, həm də şagirdlərin təhlükəsizliyini qorumaqdır.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
38
1
konkret.az

2Sources