EN

Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul olunmuş Maliyyə Nazirliyinin bir qrup əməkdaşına partiyanın üzvlük vəsiqələri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunub.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bütün şərəfli ömrünü doğma Vətəninə həsr edərək, fəaliyyətinin hər bir mərhələsində Azərbaycan naminə yorulmadan çalışıb, millətimizin işıqlı gələcəyinin təmin olunması üçün əvəzsiz xidmətlər göstərib: “Ümummilli Liderin zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq şanlı Zəfər zirvəsinə yüksəlib”.

Tahir Budaqov vurğulayıb ki, Ümummilli Liderin əbədiyaşar ideyalarına sadiqlik nümayiş etdirən partiyamız ölkəmizin qarşısında duran strateji hədəflərin gerçəkləşməsinə dəyərli töhfələr verir: “YAP yeni dövrün reallıqları və çağırışlarından irəli gələrək suveren Azərbaycanın milli maraqlarının təmini üçün öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək”.

Maliyyə naziri Sahil Babayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin həm keçmiş SSRİ dönəmində, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixində yüksəliş və inkişaf dövrü olub. Onun uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində böyük uğurlar qazanılıb, ölkəmizin sonrakı illərdə də davamlı inkişafı üçün möhkəm zəmin yaradılıb. Nazir qeyd edib ki, Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan bu gün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib, iqtisadi qüdrəti daha da artıb, sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Sahil Babayev, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən keçdiyi şərəfli inkişaf yolundan bəhs edib, ölkəmizin ictimai-siyasi həyatında oynadığı aparıcı rolu və cəmiyyətdə qazandığı yüksək etimadı xüsusilə vurğulayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş nazirlik əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Partiyaya yeni qəbul olunmuş əməkdaşlar çıxış edərək bu etimadı yüksək qiymətləndirdiklərini bildirib, dövlətçiliyə, milli maraqlara və Ulu Öndərin ideyalarına daim sadiq qalacaqlarını, ölkəmizin inkişafı naminə bundan sonra da məsuliyyətlə çalışacaqlarını vurğulayıblar.

Chosen
3
6
xalqqazeti.az

8Sources