EN

“Nə hiss edirsən?” - dərsdə unudulan ən vacib sual

Müəllim kimi işlədikcə bir şeyi daha aydın görürəm: şagirdlər yalnız dərs öyrənmirlər, onlar hər gün özlərini “idarə etməyi” də öyrənirlər. Sadəcə, biz buna çox vaxt dərs planında yer vermirik.

Bəzən dərsdə çox sakit görünən bir şagirdin içində narahatlıq olur. Bəzən isə ən aktiv şagird qəfil aqressiv reaksiya verir və biz bunu tez-tez “tərbiyə problemi” kimi qiymətləndiririk. Halbuki çox vaxt bu, idarə olunmayan emosiyaların nəticəsidir. Uşağa hisslərini necə anlamaq və yönləndirmək öyrədilmədikdə o, sadəcə reaksiyalarla yaşayır.

Maraqlıdır ki, biz şagirdə cümlə qurmağı, mətn yazmağı, qaydaları izah etməyi öyrədirik, amma “hirslənəndə nə etməlisən?” sualının cavabını çox zaman onun öz öhdəsinə buraxırıq. Halbuki bu sualın cavabı onun gələcək həyatına daha çox təsir edir.

Bu fikri mənim üçün daha da aydın edən təcrübələrdən biri “Duyğu ölçər” adlı eTwinning layihəsində iştirakım oldu. Türkiyə və İtaliya məktəbləri ilə birgə həyata keçirilən,ortağı bu layihənin ilk mərhələlərində şagirdlərin öz duyğularını ifadə etməkdə çətinlik çəkdiyini açıq şəkildə müşahidə edirdim. “Nə hiss edirsən?” kimi sadə bir sual belə bəzən cavabsız qalırdı.

Amma zaman keçdikcə maraqlı bir dəyişiklik baş verdi. Şagirdlər öz hisslərini adlandırmağa, onları paylaşmağa başladılar. Əvvəllər susan uşaqlar artıq fikirlərini daha rahat ifadə edirdilər. Bu dəyişiklik birdən-birə baş vermədi, amma davamlı fəaliyyətin nəticəsi kimi aydın şəkildə hiss olundu. Mənim üçün ən vacib nəticə bu oldu: emosiyalar üzərində düşünmək və onları ifadə etmək öyrədilə bilən bacarıqdır.

Layihənin Avropa Keyfiyyət Nişanı ilə qiymətləndirilməsi də bu işin nə qədər dəyərli olduğunu göstərirdi. Açığı, mənim üçün ən böyük nəticə mükafat deyil, sinifdə baş verən dəyişiklik idi. Şagird artıq yalnız cavab verən deyil, həm də hiss edən, düşündüyünü və yaşadığını dərk edən fərd kimi formalaşmağa başlayırdı.

Mənim müşahidəmə görə, şagird emosiyasını adlandıra bildikdə artıq onun yarısını idarə etmiş olur. Sadə bir sual - “indi nə hiss edirsən?”  bəzən uzun izahdan daha təsirli olur. Çünki uşaq ilk dəfə olaraq öz daxilinə baxmağa başlayır.

Bu yanaşma təkcə pedaqoji müşahidə deyil. Deyl Kornegı insan münasibətlərində qarşı tərəfi dinləməyin və anlamağın gücünü xüsusi vurğulayırdı. Onun yanaşmasına görə, insan eşidildiyini hiss etdikdə dəyişməyə daha açıq olur. Bu fikri sinif mühitinə tətbiq etdikdə isə aydın görünür ki, şagird özünü ifadə edə bildikcə davranışlarında da balans yaranır.

Dərsin sonunda qısa refleksiya anları yaratmaq da maraqlı nəticə verir. “Bu gün səni ən çox nə sevindirdi?” və ya “səni çətinliyə salan nə oldu?” kimi suallar əvvəlcə sadə görünür. Amma zamanla şagirdlər daha açıq danışmağa başlayır və buonların öz daxili dünyasını daha yaxşı anlamasına kömək edir.

Bəzən iki şagird arasında yaranan kiçik anlaşılmazlıq belə böyüyə bilir. Belə anlarda problemi tez bir zamanda “bağlamaq” əvəzinə, onlara bir-birini anlamağa imkan vermək daha təsirli olur. “Sən onun yerində olsaydın nə hiss edərdin?” sualı çox şeyi dəyişə bilir.

Burada müəllimin öz davranışı da xüsusi rol oynayır. Şagird müəllimin reaksiyalarını diqqətlə izləyir. Əgər müəllim çətin vəziyyətdə belə sakit qalmağı bacarırsa, bu, sözlə deyilən hər hansı izahdan daha güclü təsir göstərir.

Məncə, emosional intellekt ayrıca öyrədilən bir mövzu deyil. O, dərsin içində, münasibətdə, ünsiyyətdə formalaşır. Bəzən bir baxış, bir sual, ya da sadəcə dinləmək şagird üçün böyük dəyişimin başlanğıcı olur. Bunun üçün müəllim də emosional intellektini yüksək səviyyədə idarə etməyi bacarmalıdır.

Sonda belə bir nəticəyə gəlirəm: biz yalnız bilik verən müəllimlər deyilik. Biz şagirdlərin daxili dünyasına toxunan, onların özlərini anlamağı öyrənməsinə kömək edən insanlarıq. Və bəzən bu proses bir sualla başlayır:

“Nə hiss edirsən?"

Səfura Əliyeva 

Azərbaycan dili və ədəbiyyat müəllimi

Chosen
10
50
azedu.az

10Sources