EN

Turan şifrəsi – Arzu ƏSƏD

Qeyd etdiyimiz kimi, Cavanşir Feyziyev “Türk Dövlətlər Birliyi. Qlobal inteqrasiyanın türk modeli” əsərində tarixə və mədəniyyətə dəyişilməz ideyalar, əbədi dəyərlər, keçici olmayan ideallar sərgisi kimi baxmır, insanların, xalqların, nəsillərin azad ünsiyyət forması kimi, daim öz düşüncələrini aktuallaşdırmaq, yeni məna qatları yarada biləcək dialoq məkanı kimi baxır. Bu, ilk növbədə, müasirliyin keçmişlə dialoqudur, insanlığın geniş və zəngin təcrübəsi, “insanların yüzilliklərdə görüşüdür”. Tarix fərdlərin və millətlərin özünüdərki olduğuna görə o, tarixdən istifadənin qədərini də, tarixə hansı baxış açısından yanaşmağın xüsusiyyətini də qarşıya qoyulan məqsədə görə müəyyənləşdirir. Obrazlı desək, müasir fizikada işığın həm dalğa, həm də zərrəcik (hissəcik) xüsusiyyətinə malik olması, onun hansı xüsusiyyəti nümayiş etdirməsi necə müşahidə olunmasından və ya qarşılaşdığı maneədən asılı olduğu kimi tarixi prosesin də xətti və ya diskret, ardıcıl yoxsa kəsilən, proqressiv yoxsa reqressiv, tsiklik yoxsa dövri xüsusiyyət kəsb etməsi də ona niyə müraciət edilməsindən, hansı problemin həll edilməsindən asılıdır. Tarixi onun bütün müxtəlifliyi, zənginliyi ilə əhatə etmək mümkün olmadığı kimi, onun universal dövriləşdirilməsini də təklif etmək mümkün deyil. C.Feyziyevin bu kitabda tarixə, tarixi faktlara müraciəti və onların təqdimatı da məhz qarşıya qoyduğu problemin həlli – türk tarixi və mədəniyyətinin inkişafında tarixiliyin əsas əlaməti olan vəhdət anlayışının, birlik şifrəsinin açılışı və bu açılışın yenidən gələcəyi şərtləndirməsi ilə əlaqəlidir. Yalnız insanlığın birliyi ideyasında saxlanan “tarixi bütövlük” ideyasından çıxış edərək tarix təkrarsızlıq və unikallıq əldə edir. Tarixi prosesi hər şeyin təkrar olunduğu təbii prosesdən fərqləndirən də budur – nüvəsində təkrarsız, yeganə, əvəzolunmayan mənəvi varlıq olan insanın durması. Lakin insan bir təkcə olaraq “xalis mücərrədlikdir”. O yalnız xüsusi və ümumi olanla dialektik qarşılıqlı əlaqədə məna kəsb edir. İnsan təkcə olaraq, fərd olaraq xüsusidə – millətdə, millət isə ümumidə – bütün insanlıqda məna kəsb edir. Təkcə ilə ümuminin bu dialektikası olmadan tarix də mümkün deyil. Ona görə bir tədqiqatçı alim olaraq C.Feyziyev, məşhur məsəldə deyildiyi kimi, bağda gizlədilən xəzinəni tapmaq üçün bütün bağı belləməli olur – türk tarix və mədəniyyətində tarixin özəyi olan birlik şifrəsini tapmaq üçün onun bütün mərhələlərini – türk dövlətinin genezisindən tutmuş, hazırkı dövrdə Türk Dövlətləri Birliyinin strategiyasının təhlilinə qədər araşdırır. Bu gün Türk Dövlətləri Birliyinin türk millətinin siyasi şüurunun gerçəkləşdiyi zirvə nöqtəsidir. Bu, sadəcə, hansısa “olsa, yaxşı olar” tipli nəzəri məqsəd deyil. Bu, bir millətin mövcudluq məsələsi, varoluş mübarizəsidir. C.Feyziyev bu həqiqəti belə ifadə edir: “Dünyanın həm siyasi, həm də iqtisadi quruluşu dəyişmək zərurəti yaşayır. Ancaq dünya dövlətləri daha istəmirlər ki, bu dəyişmələr onların iradəsinin ziddinə, yalnız fövqəldövlətlərin cızdığı planlar əsasında baş versin. Çünki tarixi təcrübə göstərir ki, səni və sənin sahib olduğun subyekti başqaları dəyişdirirsə, deməli, bunu öz bildikləri kimi və öz maraqlarına uyğun edirlər. Real məntiq isə ondan ibarətdir ki, sən dəyişmirsənsə, səni dəyişdirəcəklər!” Dəyişmək isə yalnız köhnənin dağıdılması deyil, yığılmış tarixi təcrübənin potensialının transformasiyasıdır. Keçmişi yenidən düşünmək, yenidən qiymətləndirmək olar, lakin onu keçmiş olmaqdan çıxarmaq olmaz. Eləcə də, ən təkmil layihəni hazırlamaq olar, lakin onun əgər bu gün üçün real zəmini yoxdursa, gələcəkdə həyata keçirmək olmaz. Keçmiş, dəyişikliklər üçün təməl – imkanlar və məhdudiyyətlər hazırlayır. C.Feyziyevin “tarixdən doğulan gələcək” – Türk Dövlətləri Birliyi modelini nəzəri olaraq üzərində yerləşdirdiyi “sarsılmaz təməllər” məhz əvvəlki nəsillərin fəaliyyətindən əxz edib onun gələcəyin təşkilinə hazırlaya biləcəyimiz irsdir. Orxon-Yenisey abidələrindəki türk mifologiyasında Göy (Kök/tenqri) – Gələcək və İlahi müqəddəslik, Yer (Ötükən/ Yer – Su) – Keçmiş, əcdadlar və kök, ənənə – olduğunu nəzərə alsaq, Orxon-Yenisey abidələrindəki Bilgə xaqanın “üstdə göy basmasa, altda yer dəlinməsə, türk millətinin elini, dövlətini, törəsini kim basar?” ifadəsinin tarix fəlsəfəsi baxış bucağından gələcək və keçmişin arasında yerləşən bu günün keçmişin və gələcəyin təzyiqinə məruz qalması kimi şərh etmək olar. Bilgə xaqan keçmişin potensialından düzgün istifadə edərək, gələcəyin yarada biləcəyi zaman sıxıntısını – seytnotu nəzərə alaraq gerçəkliyin həqiqi səhnəsi olan bu günün məqsədlərinin həyata keçirilməsini təxirə salmaq, yaxud bu məqsədlərin həyata keçirilməsini obyektiv qanunlar nəticəsində avtomatik olaraq gerçəkləşə biləcəyini gözləmək olmaz, deyir, çünki o artıq zərurət nəticəsində qəbul etdirilmiş “yad gələcək” olacaqdır. Keçmiş dəyişməz qalır, hər bir yeni tarixi hadisə ilə yeni işıq altına gəlir, yeni “şərh potensialı” əldə edir. Beləliklə, əsrlərin ardından adında “türk” etnonimini daşıyan ilk türk dövlətinin – imperiyasının böyük xaqanı Bilgə xaqan və eləcə də, türk tarixi və mədəniyyətinin qurucuları irs qoyduqları dövlət ağlı, tarixi təfəkkür və zəngin mədəniyyətlə bu gün bizimlə bərabər Türk Dövlətləri Birliyinin qurulmasında iştirak edirlər.

Hər nəsil bu gününü yaratmaqla bərabər öz keçmişini də yenidən yaratmağa məcburdur. Biri digəri olmadan mümkün olmadığına görə tarix fasiləsiz olaraq yenidən yazılır. Gerçək zamanın bütövlüyü, dünənin, bu günün və gələcəyin sərhədlərinin nisbi olması, onların bir-birinə nüfuz edərək düz xətt kimi bir kəmiyyət cərgəsi deyil, keyfiyyət tamlığı yaradan fasiləsiz axın olması düşüncəsi XIX əsrin sonları, XX əsrin əvvəllərində “Həyat fəlsəfəsi”nin yaradıcılarından olan A.Berqsonla başlayıb, keçən əsrdə fəlsəfənin, ədəbiyyatın, elmin başlıca mövzularından, istiqamətlərindən biri oldu. Türklərin tarixi təfəkküründə “zamanın bütövlüyü” anlayışı, onun təcəssümü bütün tarix boyu onları müşayiət edib.

C.Feyziyev yazır: “Onlar (türklər) öz keçmişlərini, indilərini və gələcəklərini bir orqanik zaman tamlığında hiss edirlər. Türkiyənin Topqapı Sarayı muzeyindəki XVI əsrə məxsus miniatürdə təsvir olunan süvari kimi: döyüşçü atını irəli çapır, ancaq atın üstündə çevrilərək, əlindəki kamanın oxunu geriyə tuşlayıb. Bu təkcə onu təqib edənlərdən özünü qoruyan döyüşçü məharəti deyil, daha dərin simvolik mənada irəli getdikcə gerini düşünən müdrik insanın hərəkətidir”. Bu, zamanın bütövlüyü anlayışının təcəssümüdür. Müəllifin “sanki türklər elə öz dövlətləri ilə bir yerdə doğulublar, bir etnos olaraq onların tarixi elə dövlətlərinin tarixi ilə başlayır” qənaəti mübaliğə deyil. Bunu faktlar sübut etdiyi kimi, türk tarixinin məzmunu, xarakteri, daxili inkişaf dinamikası da göstərir ki, tarixilik duyğusu türklərdə fitridir. Bu kitabda C.Feyziyevin dialoqa, nəzəri mübarizəyə qatıldığı rus avrasiyaçıları, məsələn, N.Berdyayev, A.Duginin “rus ruhu”, “rus loqosu”nu səciyyələndirdikləri kimi, türk milli xarakterini canlandıran ayrıca bir fəsil olmasa da, bütün əsər boyu ayrı-ayrı kontekstlərdə “türk xarakteri”, “türk ruhu”, “türk loqosu” açılır. Müəllif türklər haqqında bir millət, bir fərd olaraq təbii qürur hissi ilə yazsa da, milli təəssübkeşliyə qapılıb, onları idealizə etmir. Əsərin “Ümumtürk mədəniyyəti fərqli sivilizasiya kimi” fəslində “dünya mədəniyyətinin inkişaf tarixində türklər”in rolunu araşdıran müəllif onların dövlətçilik, sosial-siyasi, iqtisadi, mənəvi, bədii, bilgəlik (humanitar), ekoloji və sair mədəniyyət qatlarını ayrılıqda təhlil edərək vurğulayır ki, “dünya alimləri bu qatları incələyərək bu qənaətə gəlirlər ki, türk sivilizasiyası dünya sivilizasiyaları arasında həm öz seçkinliyini saxlayan, həm də həmin sivilizasiyaların universal keyfiyyətlərini mənimsəyərək özündə sintezləşdirməyi bacaran unikal hadisədir”.

C.Feyziyev “klassik türk siyasi mədəniyyəti ilə yeni dövr türk siyasi mədəniyyəti arasında varisliyi müasir türk dövlətçiliyinin strateji doktrinasında aydın şəkildə təsbit edən Mustafa Kamal Atatürkün indiki və gələcək nəsillərə türk sivilizasiyasının möhtəşəmliyini dərk etmək və ulusal yaddaşını onun üzərində bina etmək vəzifələri” haqqında vəsiyyətinə əməl edir: “Böyük dövlətlər quran əcdadımız böyük və qapsamlı mədəniyyətlərə də talib olmuşlar. Bunu aramaq, tədqiq etmək, türklüyə və cahana bildirmək bizlər üçün bir borcdur… Hər şeydən öncə millətə tarixini, əsl bir millətə mənsub olduğunu, bütün mədəniyyətlərin anası olan mütərəqqi bir millətin övladları olduğunu öyrətməliyik”. C.Feyziyevin yaratdığı türk obrazı Atatürkün xitab etdiyi, tərifini verdiyi obrazla identikdir: “Türk millətinin xarakteri yüksəkdir! Türk milləti çalışqandır! Türk milləti zəkidir!” Kitab tarixi fəlsəfi-siyasi istiqamətli olduğuna görə, Türk Dövlətləri Birliyinin yaradılması kimi tarixinin ən yüksək və məsuliyyətli vəzifəsini yerinə yetirmək üçün səfərbər olunan millətin mübarizəsini elmi-nəzəri əsaslandırma və istiqamətləndirmə mahiyyəti daşıdığına görə, təbii ki, müəllif daha çox türkün “tarixyaradıcı”, “dəyəryaradıcı”, “konsentrasiyayaradıcı”, “dövlətyaradıcı”, “sivilizasiyayaradıcı”, “birlikyaradıcı” və sair kimi konstruktiv tarixi səciyyəvi obrazını yaradıb. Bu obraz – öz qarşısına məqsəd qoyan, dəyəryönümlü, öz təsəvvürlərinə və iradəsinə müvafiq olaraq dünyanı və özünü dəyişməyə yönəlikdir. Özünə identikdir, lakin bu, özünəqapanma və özünəistinadlılıqdan uzaq, öz təkliyinin, müstəsnalılığının sərhədlərindən bir fərd keyfiyyətində, başqaları qarşısında cavabdeh olma keyfiyyətində intersubyektivliyə açılan bir obrazdır. Onun özünə identikliyi təbiətinin dəyişməz mahiyyətdə olmasında deyil, müəyyən tarixi şəraitlərdə başqa millətlərlə qarşılıqlı əlaqə və təsirdə keçdiyi tarix yolunun özünəməxsusluğunda, unikallığındadır. Məhz bu qarışlıqlı əlaqə və təsirin xarakteri həmin millətin gələcəyini müəyyənləşdirən əsas xüsusiyyətlərdən biridir. Fərdin tarixiliyi birliyə tabe olan “müxtəlifliyin tarixiliyi”dir. Yəni, sadə desək, türk üçün digər millətlər daim əhəmiyyətli olub, maraqlı olub, onlarla ən müxtəlif insani hisslərini bölüşüb, onları öyrədib və onlardan öyrənib, daim təcrübə mübadiləsi edib, tarixən qail olduğu bütün dinlərdə insan adı uca tutulub, mədəniyyəti, ədəbiyyatı, son dərəcə, hətta “Səni bu hüsnü camal, bu kamal ilə görüb, Qorxdular haqq deməyə, döndülər insan dedilər” – deyəcək qədər humanist, “Mən əzəldən bəridir hürr yaşadım, hürr yaşaram, Hansı çılğın mənə zəncir vuracaqmış, şaşaram” – deyəcək qədər azad və azadlıqsevər olub, bu xüsusiyyətləri də onu daim birlik axtarmağa, birlik yaratmağa sövq edib. Bu xüsusiyyətlərsiz insanlar, millətlər arasında qarşılıqlı anlaşma olmaz, demək, həm də tarix olmaz.

Q.Başlyar çatılan nəticələri daim yenidən nəzərdən keçirməklə həqiqətin prosessual xarakterini qeyd edərək yazır: “Həqiqət rəğbətin yox, müzakirənin qızıdır”. Maraqların, cəhdlərin müxtəlifliyi ideyaların, təsəvvürlərin, baxışların plüralizmini doğurur. Müəyyən zaman və məkanda xalqların, dövlətlərin birliyinin yaradılmasında həqiqət meyarı yalnız o subyektlərin gerçək düşüncə və davranışlarındakı azadlıq dərəcəsindən asılıdır. Həqiqət və azadlıq bir-birlərinə dayaqlanırlar. Bu günün məhz azad, müstəqil dövlətin, millətin təmsilçisi, filosof və politoloqu olaraq C.Feyziyev Avrasiyanın gələcək siyasi mənzərəsi haqqında öz obyektiv, plüralist, praqmatik düşüncə tərzi ilə Mişel Fukonun təbiri ilə desək, daha çox “peyğəmbərlik diskursu” ilə çıxış edən “rus fundamentalizminin siyasi-ideoloji sisteminə çevrilən” rus avrasiyaçılığı və neoavrasiyaçılığı ilə, “Avrasiyaya bölücü, konfliktyaradıcı, eksponsionist müdaxilə”yə siyasi-ideoloji əsas yaradan Qərb imperializminin “dəyişməz” nəzəriyyəçiləri ilə açıq elmi mübahisəyə və müzakirələrə girir. “Gələcəyin qlobal siyasəti “ölən” dövlətlərin deyil, “dirilən” dövlətlərin çiynində yüksələcəkdir” – deyən C.Feyziyev məhz “dirilən” dövlətin, “türklüyün Milli İdrakın universal miqyasına çıxan” Türk Birliyi ideyasının, onun tarix səhnəsində gerçəkləşən, maddiləşən təcəssümü olan Türk Dövlətləri Birliyi ideologiyasının daşıyıcılarından, aparıcılarından biri olaraq, təfəkkür böhranı və ideologiya boşluğunda Rusiyada yenidən dirilməyə cəhd edən “heç bir tarixi – sivilizasion köklərə əsaslanmayan avrasiyaçılıq ideyasının və bu əsasda yeni bir mücərrəd ittifaqın yaradılması utopiyası”nın müəllifləri ilə dialoqa, mübahisə və müzakirəyə, nəzəri savaşa girir. XIX əsrin sonlarından, XX əsrin əvvəllərinə qədər formalaşan, M.Danilevski, V.Lamanski, K.Leontyev, N.Trubetskoy, N.Berdyayev, P.Savitski kimi rus fikir adamlarının yaratdığı avrasiyaçılıq və müasir dövrdə onların davamçıları olan A.Panarin, A.Dugin kimi neoavrasiyaçıların mümkün olan ən müxtəlif düşüncə kombinasiyalarında gah “Slavyan İttifaqı”, gah “Avrasiya İttifaqı” adlandırdığı nəzəri-siyasi konstruksiyalarını təhlil edir, onların tarixi gerçəkliyə zidd olduğunu, insanlığın müasir siyasi təfəkkürünün tələblərinə və elmi-texniki sıçrayışlarla şəklini dəyişən, yeni keyfiyyət mərhələsinə qədəm qoyan dünyanın yeni nizamının çağırışına cavab verməyən əsassız iddialar hesab edir. Bir neçə ay əvvəl bu gün neoavrasiyaçıların ideya rəhbəri kimi tanınan Aleksandr Duginin Azərbaycanın və digər postsovet dövlətlərinin, o cümlədən, suveren türk dövlətləri olan Qazaxıstan, Özbəkistan, Qırğızıstanın müstəqilliyinin əleyhinə bəyanatı, Moskvanın bu müstəqil dövlətlərin mövcudluğu ilə barışmamalı olduğu haqqındakı çağırışları neoavrasiyaçılığın “çoxqütblülük”, “dialoq” maskası arxasında gizlətdikləri həqiqi simasını və niyyətini göstərdi.

Bu, eləcə də, cəmiyyətimizə məlum olan bu tipli Azərbaycanın müstəqilliyinə qarşı yönəldilmiş ardıcıl strateji bir xəttin ifadəsi olan digər neqativ hadisələr göstərir ki, C.Feyziyevin bu onilliklər ərzində neoavrasiyaçılığın irəli sürdüyü reqressiv örtülü-imperialist ideoloji xəttə qarşı apardığı fəal, prinsipial, konseptual nəzəri mübarizəsi əsassız deyilmiş, əksinə, onun elmi-siyasi uzaqgörənliyinin ifadəsi imiş.

Tarixçi akademik Yaqub Mahmudov kitaba yazdığı Ön sözdə əsərin digər məziyyətləri ilə yanaşı C.Feyziyevin bu mübarizəsini də yüksək qiymətləndirir. Avrasiyada bu gün inkişaf etməkdə olan humanitar mədəniyyətin Asiyanı, eləcə də, bütün dünyanı ictimai, siyasi, iqtisadi, mədəni parametrlərinə görə özündən asılı vəziyyətdə saxlayan Qərbin “köhnə stereotiplərini sındırıb tökdüyünü”, “bu regionun xalqlarının (öncə, türk xalqlarının) tarixi taleyini və müasir həyatını yeni elmi metodologiyalarla, yəni yalançı təfəkkür qəliblərindən birdəfəlik imtina etmiş rasional yanaşmalarla əks etdirən mövqeyi ortaya qoyduğunu ifadə edir. Akademik bu kitabın müstəsna əhəmiyyətini onda görür ki, “burada Türk Dövlətləri Birliyi ideyası ilk dəfə olaraq sistemli surətdə, konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülür. Y.Mahmudov davam edir: “Sanki “ümumbəşəri zəncirin” qırılmazlığı kimi sivilizasiyalararası münasibətləri “Türk dünyası halqası ilə” möhkəmləndirməyə çalışan bu yeni metodoloji kontekstin önə çıxarılması bu gün bizə və dünyaya olduqca vacibdir”. Burada belə bir müqayisənin aparılması yerində olardı; C.Feyziyev türk birliyi ideyasının təkamülündə Əli bəy Hüseynzadənin rolundan bəhs edərkən, onu “türk milli ideologiyasını siyasi anlamda şəkilləndirən türkçülük məfkurəsi”nin yaradıcısı kimi qiymətləndirmiş, məhz onun çox böyük uzaqgörənlik və Türk dünyasının parçalanmış vəziyyətdən çıxmasına imkan verməyən örtülü-militarist siyasətləri alt-üst edən məntiqi əsasında “Türk dünyasını gələcəyə doğru inkişafının oriyentirlərini düzgün müəyyən edən ana xətti”n tapıldığını qeyd etmişdir. Əminliklə demək olar ki, C.Feyziyevin bu əsəri də həmin örtülü-militarist, pərdələnmiş imperialist siyasətlərin parçaladığı bu ana xəttin, nəsillərin təfəkkürləri arasındakı qırılmış əlaqə bağının – zəncirinin mühüm bərpaedici bir halqasıdır. Bu əsər özünün ümumiləşdirmə gücü, fəlsəfi dərinliyi, türk tarix və mədəniyyətinin qatlarında saxlanan milli şüur və iradənin potensialını yeni yanaşma tərzi ilə üzə çıxarmaqla, türk birliyinin gələcək inkişafının layihələndirilməsində əhəmiyyətli rola malikdir. Əsəri oxuduqca bu həqiqət bizə bütün aydınlığı ilə çatır: “Milli özünüdərkimizin nüvəsi olan türklüyümüz” milli idrakın elə bir universal miqyasına çıxmaqdır ki, buradan türk dünyasının coğrafi və mənəvi sərhədləri, siyasi çevrəsi, bu günündən bütün taleyinə açılan qapıları, tarixindən doğulan gələcəyi aydın şəkildə görünür”. Bu gün bu aydın perspektivdən yeni rasionallıq dövrünə qədəm qoyan müstəqil türk xalqlarının birgə fəaliyyəti, birgə gücü ilə qurulan Türk Dövlətləri Birliyi bütün konturları ilə görünür, lakin bu birlik müasir rasional dünyada fərdi məsuliyyətlərin kollektivin anonimliyi üzərində təntənəsi ilə tam gerçəkləşə bilər. Bu model türk dövlətlərinin hər bir düşünən vətəndaşının şüurunda öz aydın əksini tapmalıdır. Bu baxımdan Türk birliyi ideyası yeni dövrün tələblərinə uyğun olaraq müasir elmi dünyagörüşünün nailiyyətlərini mənimsəyərək zənginləşməli, yeniləşməli, lakin öz bütövlüyünü, kəsilməzliyini, simvolik universallığını, mürəkkəbliklərdən keçmiş sadəliyini qoruyub saxlamalıdır.

C.Feyziyev bu əsərdə rasional düşüncə ilə intuisiyanın, elmi-nəzəri üslubla bədiiliyin, metoforikliyin elə bir sintez ölçüsünü yaradıb ki, sözün bu ifadə səviyyəsində keçmişi bu gün və sabahla əlaqələndirərək tarixi canlandırır. O, tarix səhnəsində “səpələnmişləri” idrak səhnəsində bütövləşdirir, hər dövrün öz xüsusiyyətlərinə və inkişaf səviyyəsinə görə açılan türk tarixi və mədəniyyətinin şifrələrini – Turan şifrəsini XXI əsrin yeni fəlsəfi-siyasi, koqnitiv-diskursiv proqnozlaşdırma paradiqmasında açır.

Əgər tarixi mətn tarixçinin şüurunda olduğu kimi, dəyişmədən, özünəbərabər mahiyyətdə qalsa, tarixin dərki, bu və ya digər tarixi bütövlüyün düşüncədə bərpası mümkün olmazdı…

C.Feyziyevin təqdim etdiyi keçmiş tarix və mədəniyyət mənzərəsi bir-biri ilə bağlı olmayan tarix və mədəniyyət mozaikası deyil. Onun zaman içində daim dəyişən, inkişaf edən mətni tarixi-mədəni ənənənin ümumi toxusuna hörülür, nəticə etibarilə birlik anlayışına aparan müxtəlif tarixilik tiplərinin kommunikasiyasına, qarşılıqlı anlaşma müstəvisinə yol açır. Bu təfəkkür tipi də, müəllifin qeyd etdiyi kimi, öz qanunauyğunluqları və əlamətləri ilə seçilən Türk birliyi ideyasının tarixi təkamülündən doğulub. “Əski türk boylarının etnik birliyinə ilk çağırışlardan başlamış, müasir dövrümüzdə özlərinin beynəlxalq siyasi birliyini yaratmaq səylərinə bərabər uzun və təlatümlü bir zamanı əhatə edən”, “bütün bəşəriyyətin fəxr edə biləcəyi möhtəşəm tarix və bəşəriyyətin həyatında həmrəylik yaradacaq bir birlik örnəyi” üzərində, əzmkar, “yenilməz milli yaddaş arsenalında” yaradılan, “özünün rasional ideya əsasları və daim inkişaf edən yeni-yeni yanaşmalarla quruluşunu təkmilləşdirən, məzmununu dərinləşdirən canlı, dinamik bir sistem olan” Türk birliyi ideyasının daşıyıcıları məhz malik olduqları bu mənəvi irsin özəlliklərinə xas olan bir plüralizm, açıqlıq, kommunikativliklə öz opponentləri ilə dialoqa girirlər. Onlar yaxşı anlayırlar ki, “beynəlxalq münasibətlərin gələcək inkişafı onların bu prosesdə hansı səviyyədə və hansı fəallıqda iştirak etməsindən” asılıdır. Bu fəallıq isə yeni dövrün xarakterini, qlobal siyasətin “başlıca paradiqması”nı dərk etməklə əlaqəlidir: “dünya yalnız fövqəlgüclərin deyil, hamınındır, ona görə də dünyanın yeni siyasi quruluşunu beynəlxalq subyektlərin hamısı birgə iştirakçılıq və birgə məsuliyyət əsasında verməlidir”. C.Feyziyevin ifadə etdiyi zamanına görə bu yenilikçi və cəsarətli sözləri Türk Dövlətləri Birliyinin qurucularından biri olan, Türkiyə Prezidenti R.T.Ərdoğanın “Qərb artıq dünyanın mərkəzi deyil”, “Dünya beşdən böyükdür” bəyanları ilə eyni mənanı ifadə edir. Bu, tarixi-milli şüur bütövlüyünün ümumi identiklik, dəyər və tale formalaşdıran bir millətin ruh və təfəkkür birliyinin ifadəsidir. Yaşadıqları məkan, dövlət fərqinə baxmayaraq, bir türk siyasi xadimi ilə türk düşünürünün, filosofunun həlledici, böhranlı zamanlarda eyni hiss, düşüncə, davranış qəlibləri ilə ifadə olunmalarına bir nümunədir. Bu müşahidəni bir az da dərinləşdirsək, görərik ki, müəllifin əsər boyu türk tarixi-mədəni abidələrindən, tarixi şəxsiyyətlərindən, Türk birliyi ideyasının yaradıcı və davamçılarından, Türk Dövlətləri Birliyinin qurucuları olan qardaş dövlətlərin rəhbərlərinin çıxışlarından nümunə gətirdiyi fikirlər türk tarixi və mədəniyyətinin əsrlər boyu yaratdığı eyni dəyərlərin, özünəqayıdış, böyüklük, birlik şifrələrinin müxtəlif zaman və məkanlarda açılışının ifadəsidir. VII əsrdə Bilgə xaqanın “Türk bəyləri, milləti, eşidin! Türk millətinin birləşib bir ittifaqda dövlət yaratmasını bu daşlara həkk etdim!..” – milli birliyə çağırışı, XX əsrin əvvəlində Mustafa Kamal Atatürkün: “Ey türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərlikdə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən… Yaddaşında minlərlə ilin xatirəsini daşıyan tarix sivilizasiya mərhələsində layiq olduğun yeri sənə göstərir. Oraya yürü və yüksəl. Bu sənin üçün həm bir haqq, həm də bir borcdur!” – yol göstərisi, XX əsrin sonunda ümummilli lider Heydər Əliyevin “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır… iqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir” – tarixi təsbiti, XXI əsrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim birliyimizdən həm gələcəyimiz asılıdır, həm bölgədə gedən proseslər asılıdır, həm də ki, ölkələrimizin artan siyasi çəkisi və bunun nəticəsində bizim maraqlarımızın daha dolğun şəkildə müdafiə olunması asılıdır” – siyasi bəyanı indi və keçmiş arasındakı daimi dialoq kimi mövcud olan tarixi gerçəkliyin müxtəlif mərhələlərinin özünəməxsusluğunu və ümumi cəhətlərini müəyyənləşdirən, hər dəfə yeni məna kəsb edən, məzmunca zənginləşən keçmişin yeni şərtlərini yaradan türk tarixinin söz və əməl birliyinin ifadəsi, ontoloji-semiotik kodlarıdır, Turan şifrələridir. Bu şifrələr bizi dünya birliyinin mühüm bir parçası, gələcək qlobal siyasətin aparıcı güclərindən biri olacaq Türk Dövlətləri Birliyinə doğru istiqamətləndirir.

Chosen
27
moderator.az

1Sources