EN

"Evlərimiz gözümüzün qabağında yandı"

Rusiyanın Tomsk vilayətinin Şeqar rayonunda yerləşən Novoilyinka kəndində miqyasına görə görünməmiş yanğın hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, kəndin İşçi küçəsində ("Рабочая") başlayan yanğın qısa müddətdə bütün məhəlləni bürüyüb.

İlkin məlumatlara görə, yanğın nəticəsində 11-i yaşayış, 5-i isə qeyri-yaşayış binası olmaqla, ümumilikdə 16 tikili tamamilə yanaraq külə dönüb. Yanğının sahəsi 2500 kvadratmetrə çatıb. Güclü külək və tikililərin sıx yerləşməsi alovun sürətlə yayılmasına səbəb olub, sakinlər əşyalarını belə xilas etməyə macal tapmayıblar.

Tomsk vilayətinin qubernatoru Vladimir Mazur bildirib ki, açıq alovun söndürülməsi üçün Tomsk şəhərindən əlavə qüvvələr cəlb edilib. Xoşbəxtlikdən, hadisə zamanı insan itkisi və xəsarət alan olmayıb, lakin onlarla ailə evsiz qalıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın mayın 3-nə keçən gecə tamamilə söndürülüb.

Hazırda hadisə yerində araşdırma aparılır və yanğının baş vermə səbəbləri müəyyənləşdirilir. Vilayət ərazisində xüsusi yanğın əleyhinə rejimin tətbiq olunmasına baxmayaraq, belə bir faciənin yaşanması regionda təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirilməsi məsələsini gündəmə gətirib.

Zərərçəkən ailələrə kompensasiyaların ödənilməsi və müvəqqəti sığınacaqla təmin olunması barədə tapşırıqlar verilib.

Musavat.com

Chosen
2
31
musavat.com

10Sources