ain.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ tərəfindən tətbiq edilən gömrük rüsumları Almaniyanın ixrac yönümlü iqtisadi modelinə mənfi təsir göstərə bilər.
Banco.az xəbər verir ki, bu sözləri Almaniyanın aparıcı iqtisadçılarından biri, İfo İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Klemens Fuest deyib.
Fuest xüsusilə avtomobil sənayesinin bu prosesdən zərər görəcəyini vurğulayaraq qeyd edib ki, tariflərin artırılması onsuz da çətin dövr keçirən sektora əlavə zərbə vuracaq.
İqtisadçı xəbərdarlıq edib ki, əgər Avropa Birliyi də cavab olaraq ABŞ mallarına tariflər tətbiq edərsə, bu, genişmiqyaslı ticarət müharibəsinə səbəb ola bilər. Onun fikrincə, belə bir ssenari baş verərsə, Almaniya 2026-cı ildə iqtisadi tənəzzüllə üzləşə bilər.
Digər tərəfdən, Almaniya Maliyyə Nazirliyinin müşaviri Yens Südekum daha ehtiyatlı mövqe sərgiləyərək vəziyyəti diqqətlə izləməyi tövsiyə edib. O bildirib ki, ilk növbədə ABŞ-ın elan etdiyi tariflərin real tətbiq mərhələsinə keçib-keçmədiyi müəyyənləşdirilməlidir. Bununla yanaşı, Südekum Avropa Birliyinin mümkün halda adekvat cavab tədbirləri görməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, mayın 1-də ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal edilən minik və yük avtomobillərinə tətbiq olunan gömrük rüsumlarının 25%-ə qədər artırılacağını açıqlayıb. Qərarın gələn həftədən qüvvəyə minəcəyi bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.