“AzTV” əməkdaşlarının Abşeron rayonunda Hökməli bələdiyyəsinin sənədsiz torpaq satışı ilə məşğul olması barədə yaydıqları görüntülərdən sonra bələdiyyə sədri Ramil Orucov açıqlama verib.
Pravda.az xəbər verir ki, R.Orucov yayılan xəbərləri təkzib edib:
“Mən 2025-ci ildə Hökməli bələdiyyəsinin yenidən sədri seçilmiş sədriyəm. 2020-ci ildən etibarən bu vəzifədə fəaliyyət göstərirəm. Son günlər sosial şəbəkələrdə Hökməli bələdiyyəsinin əməkdaşı Məmmədov Mehdi İsmayıl oğlunun özünü bələdiyyə sədri kimi təqdim edərək bələdiyyə torpaqlarının qanunsuz satışı və fərdi yaşayış evlərinin inşası ilə bağlı qeyri-qanuni görüntüləri yayılıb. Məsələ dərhal tərəfimizdən araşdırılaraq Hökməli bələdiyyəsinin üzvlərinin qərarı ilə sözügedən şəxs tutduğu vəzifədən azad edilib. Sosial şəbəkələrdə kadrlarda göstərilən ərazilər Hökməli bələdiyyəsinin inzibati ərazisinə aid deyil. Vətəndaşların diqqətinə çatdırırıq ki, bələdiyyə torpaqları ilə bağlı qərarlar yalnız bələdiyyənin kollegial qaydada qəbul etdiyi qərarlar əsasında həyata keçirilir. Hökməli bələdiyyəsi haqqında hər hansı məlumatı dəqiqləşdirmək üçün birbaşa bələdiyyəyə müraciət etməyiniz xahiş olunur”, - o qeyd edib.
Aytəkin Qardaşova