EN

Bu müəllimlərə xüsusi status, həm də yüksək maaş verilməlidir İlqar Orucov

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə çıxışlarının birində ölkəmizdə riyaziyyat sahəsində inkişafın olmaması məsələsinə toxunub. 

"Ola bilsin ki, riyazi sahənin müəllimlərini vaxtı ilə itirmişik deyə sıçrayış yoxdur”, - o bildirib.

Bəs riyaziyyat sahəsində inkişafı görmək üçün hansı yeniliklər tətbiq edilə bilər?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Məleykə Abbaszadənin səsləndirdiyi fikir Azərbaycan təhsil sisteminin ən ağrılı nöqtələrindən birinə – insan kapitalının və varisliyin itirilməsinə işarədir:

"Riyaziyyat kimi fundamental sahədə sıçrayışın olmaması təkcə proqram təminatı ilə deyil, həm də sistemli və mühitlə bağlı problemlərdən qaynaqlanır. Məleykə xanım çox doğru qeyd edir. Bu, Məleykə xanımın həm də bir elm adamı olaraq bu sahədə olan problemləri görməsindən irəli gəlir.

Riyaziyyat sahəsində durğunluğun əsas səbəblərini və inkişaf üçün zəruri addımları mən bir neçə aspektdən xarakterizə edərdim. Hesab edirəm ki, biz akademik varisliyi qırmışıq. Sovet dövründə formalaşmış güclü riyaziyyat məktəbi – məsələn, Zahid Xəlilov məktəbi, Məcid Rəsulov məktəbi və s. bu məktəblər 1990-cı illərdəki iqtisadi çətinliklər səbəbindən böyük itkilər verdi. Ən parlaq beyinlər ya xaricə getdi, ya da elmdən uzaqlaşdı. Nəticədə gənc nəslə o fundamental bilikləri ötürəcək orta nəsil mütəxəssislər boşluğu yarandı.

Ümumilikdə ixtisasım fizika-riyaziyyatdır və fundamental ali təhsil ixtisasım riyaziyyat sahəsindədir deyə bu prosesləri çox dərindən, yaxından izləmişəm və uzun müddət Elmlər Akademiyasında gənclər işinə rəhbərlik etmişəm, bu proseslərin içində olmuşam. Vaxtilə riyaziyyat məktəbləri formalaşarkən ən istedadlı riyaziyyatçılar ora gəlirdi. Sonra həmin o savadlı gənclərin yerinə təsadüfi adamlar gəldi və bu gün həmin adamlar hansısa yollarla elmlər doktoru elmi dərəcəsi qazanıblar. Bir anlıq boşluqdan şəxsi və ya karyera məqsədləri olan şəxslər istifadə etdi və burada biz itirdik".

Həmsöhbətimiz vurğuladı ki, bu gün riyaziyyat müəllimliyi ixtisasına qəbul balı artsa da, onların metodoloji hazırlığı hələ də ənənəvi çərçivədədir:

"Müasir riyaziyyat yalnız düstur əzbərləmək deyil, məntiqli modelləşdirmədir. Təhsilə nə cür fokuslanırıqsa, sonrakı proseslər də o cür gedir. Dünyada riyaziyyat bu gün süni intellekt, verilənlər elmi, kriptoqrafiyanın özəyidir. Azərbaycanda isə riyazi tədqiqatlar çox vaxt yalnız nəzəri xarakter daşıyır və müasir texnologiyalarla inteqrasiya olunmur. Mən düşünürəm ki, inkişaf üçün bir neçə addımları biz mütləq atmalıyıq. Azərbaycan xalqı həqiqətən intellektual xalqdır və bizim xalqımızın bütövlükdə riyaziyyata bağlılığı hətta xeyli qədim dövrlərə gedib çıxır. Riyaziyyat ənənəsi xalqın genetik yaddaşında var. Hesab edirəm ki, inkişaf üçün ilk növbədə riyaziyyat elit məktəblərinin və laboratoriyalarının bərpası önəmlidir. Yalnız olimpiada mərkəzləri deyil, bölgələrdə də güclü riyazi təmayüllü liseylər şəbəkəsi genişləndirilməlidir. Bu məktəblərə ən istedadlı müəllimlər cəlb edilməli və onlara xüsusi status, həm də yüksək maaş verilməlidir". 

İlqar Orucov vurğuladı ki, müasir kurikulumların dəyişməsinə ehtiyac var:

"Riyaziyyat proqramları kodlaşdırma və alqoritmik düşüncə ilə mütləq şəkildə birləşdirilməlidir. Şagird başa düşməlidir ki, öyrəndiyi hansısa bir riyazi yanaşma konkret olaraq hansı sahə ilə bağlıdır. Xaricdə nüfuzlu universitetlərdə riyaziyyat üzrə doktorantura oxuyan və çalışan azərbaycanlı alimlər üçün qonaq professor proqramları yaradılmalıdır. Biz diaspor alimlərimizin fəaliyyətindən ölkəmizin elmi və təhsili naminə istifadə etməliyik. Amma biz onları görmədik, onlar cəlb olunmadı. O alimlərin bir çoxu zamanında küsdürülmüş alimlər idi, onlar yenə də bu gün kənarda qalıblar və həmin alimlərin onlayn və qısamüddətli intensiv dərsləri hesab edirəm ki, tələbələrdə yeni elmi baxış formalaşdıra bilər.

Riyaziyyatçıların hazırladığı modellər bank sektorunda, neft sənayesində, logistikada, hərbi sənayedə tətbiq olunmalıdır. Elmin real gəlir gətirməsi hesab edirəm ki, riyaziyyat sahəsinə ən zəkalı gənclərin axınını təmin edə bilər. Bizim xeyli sayda gənclərimiz bu gün xaricdə ən yaxşı universitetlərdə təhsil alırlar. Onların bir çoxu ilə mən söhbət edəndə görmüşəm ki, onlar ölkəyə qayıtmaq istəmirlər. O gənclərin ölkəyə qayıdışını təmin etmək çox vacibdir. Onlar və riyaziyyat sahəsində təhsil alan gənclər gələcək riyaziyyat məktəbləri ənənəsini davam etdirə biləcəklər".

Ekspertin fikrincə, ən önəmli məsələlərdən biri məktəblərdə bütövlükdə müəllim hazırlığı sisteminin kökündən dəyişməsidir:

"Müəllim yalnız dərsdəki məsələni həll etməklə deyil, yeni məsələ qurmağı və şagirddə tədqiqatçı ruhu oyatmağı bacarmalıdır. Acı da olsa deyim ki, riyaziyyatda sıçrayış bir illik plan deyil, minimum on illik strateji yanaşma tələb edir. Bu, idman sahəsi deyil – biz qısamüddətdə nəticə əldə edək, idmançı beş il məşq etsin və getsin dünya, Avropa çempionu, olimpiya çempionu olsun. Bu, beyinlərin idmanıdır və bunun üçün on illərlə vaxt lazımdır. Həm də strateji yanaşma düzgün olsa, nəticə və sıçrayışı biz uzunmüddətli də olsa əldə edə bilərik. Biz imtahan üçün riyaziyyatdan həyat və inkişaf üçün riyaziyyat fəlsəfəsinə keçmədikcə fərdi uğurlar olsa da, sistemli sıçrayış hesab edirəm ki, əldə edə bilmərik".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
redaktor.az

2Sources