EN

ABŞ bayraqlı iki ticarət gəmisi Hörmüz boğazından təhlükəsiz keçib

Vaşinqton regionda kommersiya gəmiçiliyinin bərpası üçün hərbi tədbirləri gücləndirir...

ABŞ bayrağı altında üzən iki ticarət gəmisi Hörmüz boğazından uğurla keçərək marşrutlarını təhlükəsiz şəkildə davam etdirib.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bölgədə artan gərginliyə baxmayaraq, ABŞ qüvvələri beynəlxalq sularda kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün aktiv fəaliyyət göstərir.

CENTCOM-un açıqlamasında qeyd olunub ki, ABŞ hərbi qüvvələri ticarət gəmilərinin təhlükəsiz tranzitini bərpa etmək məqsədilə əməliyyat səviyyəsində koordinasiyanı gücləndirib və regionda mövcud risklərin minimuma endirilməsi üçün tədbirlər həyata keçirir. Qurumun sosial şəbəkə platforması X-də yaydığı məlumatda vurğulanıb ki, “ABŞ qüvvələri kommersiya gəmiçiliyinin tranzitinin bərpasına yönəlmiş səyləri fəal şəkildə dəstəkləyir”.

Məlumata görə, mayın 3-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz çıxarılmasını nəzərdə tutan “Layihə Azadlıq” (Project Freedom) adlı əməliyyatın başladıldığını elan edib. Bu təşəbbüs regionda artan təhlükəsizlik riskləri fonunda beynəlxalq ticarət marşrutlarının qorunmasına yönəlib.

Bununla yanaşı, mayın 4-də yayılan məlumatlara əsasən, ABŞ Yaxın Şərqdə yerləşən silahlı qüvvələrinə Hörmüz boğazından keçən gəmilər üçün “birbaşa təhlükə” yaradan hədəflərə qarşı zərbə endirmək səlahiyyəti verilib. Bu qərar Vaşinqtonun regionda dəniz təhlükəsizliyini təmin etmək istiqamətində daha sərt mövqe sərgilədiyini göstərir.

Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı qlobal enerji və ticarət marşrutlarının əsas qovşaqlarından biri olduğuna görə burada təhlükəsizliyin pozulması beynəlxalq bazarlara ciddi təsir göstərə bilər. ABŞ-ın son addımları isə bu strateji keçiddə sabitliyin qorunmasına yönəlmiş preventiv tədbir kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
27
5
poliqon.info

6Sources