EN

Psixoloq nifrəti gizlədən "qayğıkeş" ifadələri açıqladı

Gündəlik ünsiyyətdə insanlar bəzən nəzakətli sözlər və komplimentlər arxasında mənfi münasibətini gizlədir. 

Hit.az xəbər verir ki, sertifikatlı psixoloq Mariyelisa Reyes "YourTango" üçün yazdığı məqalədə xoş səslənsə də, əslində tənqid, yuxarıdan baxma və ya passiv aqressiya ehtiva edən tipik ifadələri toplayıb.

"Bu səndə müvəqqətidir”

Müəllif yazır ki, “müvəqqəti maraq” kimi ifadələr insanın maraqlarını dəyərsizləşdirir. Bu xüsusilə yaradıcılıq və ya həyat tərzinin dəyişməsi ilə bağlı olur. Reyesə görə, bu cür sözlər qarşı tərəfin seçimlərinin ciddi qəbul edilmədiyini və hətta gülünc sayıldığını dolayısı ilə bildirir.

“Sənə nə olub?”

Zahirən qayğıkeş sual kimi görünən bu ifadənin arxasında çox vaxt görünüşə yönəlmiş tənqid gizlənir. Adətən belə sualdan sonra insan öz xarici görünüşü ilə bağlı mənfi şərhlərlə qarşılaşır.

“Sənə yaraşır, amma mənə uyğun olmazdı”

Psixoloqun sözlərinə görə, bu cür ifadələr kompliment kimi səslənsə də, insanı öz görünüşünə şübhə etməyə vadar edir. Nəticədə, zahirən nəzakətli olsa da, psixoloji təsiri mənfi ola bilər.

“Sən necə bu qədər yeyib kökəlmirsən?”

Qidalanma ilə bağlı şərhlər xüsusilə zəhərli hesab olunur. Kompliment kimi təqdim edilsə belə, bu cür sözlər özünəinam problemi yaşayan insanlarda psixoloji gərginliyi artıra bilər.

“Əgər sənə xoşdursa, mən etiraz etmirəm”

Müəllifin fikrincə, bu ifadə çox vaxt dolayı yolla narazılıq bildirmək üsuludur. İnsan açıq tənqid etmədən mənfi münasibətini göstərir.

"İncimə, amma…”

Məqalədə vurğulanır ki, “incimə” sözlərindən sonra adətən xoş olmayan fikir səsləndirilir və bu, tənqidi yumşaltmaq üçün istifadə olunur.

"Mən sadəcə zarafat edirəm”

Reyes yazır ki, insanlar bəzən kobud və ya incidici sözləri “zarafat” adı altında əsaslandırır. Qarşı tərəf narahat olduğunu bildirdikdə isə məsuliyyətdən yayınma forması ola bilər.

“Sənin təbii görünüşün xoşuma gəlir”

Müəllif qeyd edir ki, “təbii” və ya “rahat görünüş” kimi ifadələr bəzən səliqəsizlik eyhamı daşıya bilər. Xüsusilə insan özünü səliqəli göstərməyə çalışdığı halda bu daha həssas qəbul olunur.

Samir

Chosen
14
hit.az

1Sources