EN

Avropa Siyasi Birliyi platformasında Azərbaycanın artan nüfuzu



İlham Əliyev-in 4 may 2026-cı il tarixində Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində videobağlantı formatında çıxışı, yalnız cari siyasi gündəliyin şərhi deyil, eyni zamanda Azərbaycanın formalaşdırdığı yeni regional nizamın konseptual təqdimatı kimi dəyərləndirilməlidir. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə regionda deyil, daha geniş Avropa məkanında söz sahibi olan, təşəbbüsləri ilə gündəm müəyyənləşdirən və etibarlı tərəfdaş kimi qəbul edilən dövlətdir. Təsadüfi deyil ki, bu artan siyasi nüfuzun və etimadın göstəricisi olaraq 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Toplantısının məhz Azərbaycanda keçirilməsi qərara alınmışdır. Bu mühüm qərar ölkəmizin beynəlxalq arenada mövqeyinin güclənməsinin və apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Avropa Siyasi Birliyi təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda yerləşən ölkələr arasında siyasi dialoqu və iqtisadi koordinasiyanı təşviq edən mühüm hökumətlərarası platformadır. Bu baxımdan, qeyd olunan platforma müxtəlif geosiyasi baxışlara malik dövlətləri ortaq maraqlar ətrafında birləşdirərək qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın bu platformada fəal iştirakı və gələcəkdə belə bir mötəbər tədbirə ev sahibliyi edəcək olması ölkəmizin Avropa siyasi məkanında artan rolunun bariz göstəricisidir.

Bu kontekstdə Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər həm daxili, həm də xarici auditoriya üçün olduqca mühüm mesajları ehtiva edir. Cənab Prezidentin səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan sülh prosesinə yalnız bəyanatlar səviyyəsində deyil, konkret əməli addımlarla töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb… Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı… Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq… Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.”

Bu faktlar təsdiq edir ki, Azərbaycan regionda etimad mühitinin formalaşdırılması və qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində təşəbbüskar tərəf kimi çıxış edir. Xüsusilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, uzun illər davam etmiş qarşıdurmadan sonra dayanıqlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın birtərəfli qaydada atdığı bu addımlar sülhün artıq real nəticələr doğurduğunu və praktik müstəviyə keçdiyini aydın şəkildə nümayiş etdirir.

Eyni zamanda, dövlət başçısı beynəlxalq müstəvidə mövcud olan ikili yanaşmalara da toxunaraq bildirmişdir: “Təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər.” Bu yanaşma onu göstərir ki, bəzi beynəlxalq təsisatların regiondakı reallıqlara münasibəti obyektivlikdən uzaqdır və bu da sülh prosesinə töhfə vermək əvəzinə, müəyyən hallarda onu çətinləşdirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir.” Bu prinsipial mövqe Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasətinin dəyişməz olduğunu və milli maraqların qətiyyətlə müdafiə edildiyini bir daha təsdiqləyir. Bununla yanaşı, cənab Prezidentin çıxışında balanslı və obyektiv yanaşma öz əksini tapmış, Avropa Komissiyasının sülh prosesində tutduğu mövqe yüksək qiymətləndirilmişdir. Bu isə Azərbaycanın beynəlxalq tərəfdaşlarla münasibətlərdə ədalətli və konstruktiv əməkdaşlığa üstünlük verdiyini göstərir.

Bütün bunların fonunda aydın görünür ki, Azərbaycan bu gün Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir. Dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində regionda yeni reallıqlar formalaşmış, qarşıdurma mərhələsindən əməkdaşlıq mərhələsinə keçid üçün real zəmin yaranmışdır. 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Toplantısının Azərbaycanda keçiriləcək olması də bu reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyən mühüm siyasi göstəricidir. Millət vəkili Tamam Cəfərova belə deyib.



Chosen
10
aia.az

1Sources