Vaşinqtonun qiymətləndirməsinə görə, Tehran nüvə silahı potensialını qoruyub saxlayır...
ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar ölkənin nüvə proqramının inkişaf tempinə ciddi təsir göstərməyib.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Bildirilir ki, Tehranın nüvə silahı hazırlamaq üçün ehtiyac duyduğu vaxt ötən ilin yayından bəri dəyişməz olaraq qalır.
Məlumata görə, 2025-ci ildə aparılan ilkin hesablamalarda ABŞ və İsrailin birgə hücumlarının İranın nüvə proqramını 9 aydan bir ilə qədər gecikdirdiyi ehtimal edilirdi. Lakin son kəşfiyyat məlumatları göstərir ki, bu təsir uzunmüddətli olmayıb və İran nüvə potensialını stabil səviyyədə saxlaya bilib.
Hesabatda qeyd olunur ki, son iki ay ərzində ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatlar əsasən İranın ənənəvi silah arsenalına və hərbi-sənaye kompleksinə yönəlib. Nüvə infrastrukturunun birbaşa hədəf alınmaması isə proqramın davamlılığını təmin edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Bundan əlavə, ABŞ kəşfiyyatı İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub saxladığını düşünür. Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən açıqlanan məlumatlara əsasən, bu ehtiyatlar nəzəri olaraq 10-a qədər nüvə başlığı istehsalı üçün kifayət edə bilər.
Ekspertlər hesab edir ki, İran bu strateji materialları dərin yeraltı tunellərdə gizlədib. Bu cür obyektlər isə müasir aviasiya zərbələri üçün əlçatmaz hesab olunur və bu da hərbi müdaxilələrin effektivliyini əhəmiyyətli dərəcədə azaldır.
Poliqon.info