Vaşinqton enerji axınlarını Yaxın Şərqdən ABŞ istiqamətinə yönləndirməyi gündəmə gətirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Çin tərəfinə neft tanker marşrutlarının dəyişdirilməsi ilə bağlı təklif irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, məqsəd bəzi enerji daşımalarının Fars körfəzi ölkələri əvəzinə birbaşa ABŞ-a yönləndirilməsidir.
Tramp qeyd edib ki, Çin hazırda neftinin təxminən 60 faizini Hörmüz boğazı vasitəsilə əldə edir. O, Çin lideri Si Cinpinin ABŞ ilə münasibətlərdə “hörmətli mövqe” sərgilədiyini və bu prosesdə maneələr yaratmadığını iddia edib. ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton bu vəziyyətdən istifadə edərək enerji axınlarının istiqamətinin dəyişdirilməsini təklif edib.
Onun açıqlamasına əsasən, ABŞ Çinə neft tankerlərinin Texas, Luiziana və Alyaska limanlarına yönləndirilməsini təklif edib. Tramp Alyaskanın coğrafi baxımdan yaxınlığını da qeyd edərək, bu marşrutun logistik baxımdan mümkün olduğunu bildirib.
ABŞ prezidenti əlavə edib ki, Si Cinpinlə planlaşdırılan görüşdə əsas müzakirə mövzularından biri də Vaşinqton–Tehran münasibətləri və İranla bağlı gərginlik olacaq. O, bu məsələnin qlobal enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Analitiklər hesab edirlər ki, belə təkliflər qlobal enerji ticarətində ənənəvi marşrutlara alternativ axtarışların artdığını göstərir və ABŞ–Çin münasibətlərində enerji faktorunun daha da ön plana çıxdığını ortaya qoyur.
Müşahidəçilərin fikrincə, Hörmüz boğazından keçən neft axınları ətrafında gedən müzakirələr dünya enerji bazarlarında geosiyasi rəqabətin daha da gücləndiyini göstərir.
Poliqon.info