EN

Paşinyan: “Regionda nəqliyyat əlaqələrinin açılacağına şübhəm yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycanla ikitərəfli münasibətlərin qurulması prosesi sülh sazişinin imzalanması ilə başa çatmayacaq.

Bizim.Media xəbər verir ki, Paşinyan bunu İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı sammitinin yekunlarına dair Avropa Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə bəyanatı zamanı deyib.

Onun sözlərinə görə, sülh sazişindən sonra ölkələr arasında ayrı-ayrı sahələr üzrə əməkdaşlığa dair yeni sənədlərin imzalanmasına ehtiyac yaranacaq.

“Sülh sazişinin imzalanması və ratifikasiyası işin başa çatması demək deyil. Əksinə, sazişin mətnindən də aydın görünür ki, onun imzalanmasından sonra, o cümlədən bir çox sahələrdə əməkdaşlıq üzrə yeni razılaşmaların əldə edilməsi tələb olunacaq”, - deyə Paşinyan bildirib.

Ermənistan Baş naziri mühüm istiqamətlərdən biri kimi nəqliyyat əlaqələrinin inkişafını göstərib.

“Məsələn, nəqliyyat sahəsində biz artıq bu gün heç bir ayrıca saziş olmadan əməkdaşlıq edirik. Əlbəttə, yolları bir-birimiz üçün tam açmağımız, o cümlədən Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə isə mənim heç bir şübhəm yoxdur”, - deyə o qeyd edib.

Paşinyan vurğulayıb ki, kommunikasiyaların tam açılması insanların və yüklərin sərbəst hərəkəti, eləcə də ticarətin inkişafı üçün əsas əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, əməkdaşlığın əsas prinsipi maneəsiz nəqliyyat bağlantısı olmalı, eyni zamanda tərəflərin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət mütləq qorunmalıdır.

Ermənistan Baş naziri bildirib ki, müvafiq yanaşmalar artıq hökumətlər arasında üçtərəfli razılaşmalarda əksini tapıb. O, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sammiti də xatırladıb.

“Bu sahədə çox böyük potensial var və mənim fikrimcə, həmin potensial artıq reallaşma mərhələsindədir”, - deyə Paşinyan əlavə edib.

O, həmçinin Azərbaycan və Ermənistan arasında sülhün faktiki olaraq bərqərar olduğunu məmnunluqla qeyd edib.

“Birgə tariximizdə ilk dəfədir ki, Ermənistan və Azərbaycan eyni və ya çox oxşar ritorikadan istifadə edirlər. Xüsusilə diqqət etmişəm ki, mən özüm də bu barədə çox tez-tez danışıram. Biz sülh şəraitində yaşamağı öyrənirik. Üstəlik, hələ sülhün nə olduğunu, onun nədən ibarət olduğunu, hansı obraz və məzmuna malik olduğunu anlamağa çalışırıq”, - deyə Paşinyan bildirib.

Bizim.Media

Chosen
17
bizim.media

1Sources