ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
MHP sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında çox mühüm bəyanatlarla çıxış edib.
Türkiyə mətbuatı xəbər verir ki, Baxçalı terrorun tamamilə bitirilməsi üçün Abdullah Öcalanın statusu ilə bağlı boşluqların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Baxçalı bildirib ki, 11 iyul 2025-ci il tarixində PKK üzvü olan bir qrupun simvolik mərasimlə silahı yerə qoyması "Terrorsuz Türkiyə" iradəsinin mühüm bir mərhələsidir.
O, bu prosesin hüquqi və siyasi müstəvidə davam etdirilməsinin zəruriliyini qeyd edərək deyib:
"Abdullah Öcalanın status məsələsinin danışılması bizim üçün önəmlidir. Əgər bir status boşluğu varsa, bu, Türkiyə Cümhuriyyətinin xeyrinə və terrorsuz gələcək hədəfinə xidmət edəcək şəkildə ələ alınmalıdır".
MHP lideri müzakirələrə son qoymaq üçün konkret mexanizm təklif edib:
"Bu prosesin idarə olunması üçün "Sülh Prosesi və Siyasiləşmə Koordinasiyası" adında bir strukturun yaradılmasını təklif edirəm. Məqsədimiz terrorun tamamilə ləğv edilməsi, silahların susması və siyasətin terrorun himayəsindən təmizlənməsidir".
Türkiyənin regiondakı strateji roluna toxunan Baxçalı, ölkənin həm Balkanlar, həm də Türk dünyası arasında mərkəzi qüvvə olduğunu bildirib. O, daxili birliyin xarici siyasətdəki manevr qabiliyyətini artırdığını qeyd edərək, Kipr və Şərqi Aralıq dənizindəki milli maraqlardan əsla güzəştə gedilməyəcəyini vurğulayıb.
Baxçalı çıxışını bu sözlərlə tamamlayıb: "Heç kim MHP-nin adını terrorla yanaşı çəkə bilməz. Terrorsuz Türkiyə hədəfi tarixi bir məsuliyyətdir və biz bu qərarlılığın arxasındayıq". /Musavat.com/
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.