EN

Yeni təyin olunan generalla bağlı ŞOK faktlar

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Hava-Kosmik Qüvvələrinin (VKS) baş komandanı, general-polkovnik Aleksandr Çayko ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Araşdırmalar göstərir ki, yeni komandan Moskvada elit yaşayış kompleksində yerləşən təxminən 143 kvadratmetrlik mənzilə sahibdir. Söhbət paytaxtın mərkəzində yerləşən bahalı “Smolenskaya Zastava” yaşayış kompleksindən gedir.

Məlumata görə, həmin binada Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov və korrupsiya ittihamı ilə hazırda istintaq təcridxanasında olan kadrlar idarəsinin rəhbəri Yuri Kuznetsov da yaşayır.
Çaykonun ailə üzvləri ilə bağlı da məlumatlar diqqət çəkir. Onun oğlu Yuri hazırda Moskvada Hərbi İstintaq İdarəsində çalışır və eyni mənzildə qeydiyyatdadır. Oğlunun Almaniyanın Potsdam şəhərində doğulduğu bildirilir. Qızı Mariya isə IT sektorunda fəaliyyət göstərən “Sibintek-Soft” şirkətində işləyib. Bu şirkətin əsas sifarişçilərindən biri Rosneft-dir. Məlumatlara görə, Mariya yalnız 2024-cü ildə Moskvanın lüks mağazalarından birində yarım milyon rubldan çox alış-veriş edib.

Qeyd edək ki, Çaykonun adı Ukraynadakı müharibə ilə bağlı ciddi ittihamlarda hallanır. Ukrayna onu Buçada mülki şəxslərin qətlə yetirilməsində məsul şəxslərdən biri kimi göstərir. Bu iddialara görə o, Avropa İttifaqı tərəfindən sanksiyalar siyahısına daxil edilib. Bundan əlavə, Çayko daha əvvəl Suriyada hərbi əməliyyatlarda iştirakına görə də sanksiyalara məruz qalıb. Onun adı Bəşər Əsəd rejiminə dəstək verən əsas fiqurlardan biri kimi çəkilir. Beləliklə, Rusiyanın hava-kosmik qüvvələrinin yeni rəhbəri həm hərbi fəaliyyəti, həm də şəxsi varidatı ilə bağlı qalmaqallarla gündəmə gəlib.

Musavat.com

Chosen
29
musavat.com

1Sources