EN

MEK-də Heydər Əliyev və kitabxana işinin təşkilinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı işə başlayıb.

Öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın Ulu Öndər Heydər Əliyevin Azərbaycan kitabxana işinin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərə, müasir kitabxana quruculuğunun ilkin mərhələsində bu sahənin canlandırılmasına verdiyi töhfələrə həsr olunduğunu qeyd edərək, konfransın əhəmiyyətini yüksək qiymətləndirib.

Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdəki xilaskarlıq rolunu vurğulayaraq, dahi rəhbərin ölkənin ən çətin zamanında Azərbaycanda daxili sabitliyi bərqərar etdiyini və uzaqgörən xarici siyasəti sayəsində dövlətin prioritet istiqamətlərini dəqiqliklə müəyyənləşdirdiyini diqqətə çatdırıb.

AMEA rəhbəri Qarabağ münaqişəsinin davam etdiyi ərəfədə məhz Heydər Əliyevin qətiyyətli diplomatik gedişləri ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına və ölkəmizin haqlı mövqeyinin tanınmasına nail olduğunu qeyd edərək, 1996-cı ilin dekabrında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən ATƏT-in sammitində münaqişənin ədalətli şəkildə nizama salınmasının baza prinsiplərinin bu tarixi görüşdə müəyyən edildiyini deyib. Qeyd edib ki, yaxın tariximizdə Qarabağın işğaldan azad edilməsinə qədər keçən müddət ərzində Ulu Öndər Heydər Əliyevin bu siyasi kursu uğurla davam etdirilib, nəticədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalq birliyi ilə şanlı qələbəyə imza atıb. Bidirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Prezident İlham Əliyev hazırda Qalib Xalqın Qalib Lideri kimi Azərbaycanı inamla irəli aparır.

Çıxışında Akademiya rəhbəri bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində elm, təhsil və mədəniyyət sahələrinin inkişafı xüsusi yer tutub və bu istiqamətlər dövlətin intellektual potensialının əsas dayaqları kimi daim diqqət mərkəzində olub. Sovet dövründə Azərbaycan ziyalılarına göstərilən yüksək qayğı və onların dövlət səviyyəsində dəstəklənməsi bu siyasətin mühüm tərkib hissəsi idi. Bu ənənə bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin AMEA-ya səfəri və elmi ictimaiyyət qarşısında proqram xarakterli çıxışı Azərbaycan elminə və ziyalılara göstərilən diqqətin bariz ifadəsidir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, müasir dövrdə rəqəmsal cəmiyyətin sürətli inkişafı, Dördüncü Sənaye İnqilabının çağırışları, süni intellekt və yeni texnologiyalar elmi və informasiya mühitində yeni yanaşmalar tələb edir. Bu baxımdan AMEA-da struktur dəyişikliklərinin aparılması, o cümlədən müvafiq bölmələrin rəqəmsal inkişaf və süni intellekt istiqamətində yenidən təşkili dövrün tələblərindən irəli gəlir.

Sonda akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın təşkilatçılığı ilə keçirilən bu konfransın həm Azərbaycançılıq ideologiyasının təbliği, həm də rəqəmsal inkişaf, süni intellekt və elmin aktual problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyaraq kitabxanaçıların yeni dövrün tələblərinə uyğun hazırlanmasına töhfə verəcəyinə əminliyini ifadə edib. 

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Heydər Əliyev və Azərbaycanda kitabxana işinin inkişafı” adlı məruzəsi ilə çıxış edib. Hüseyn Hüseynov MEK-in II Respublika konfransında iştirak edən hər kəsi salamlayaraq qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsində kitabxanalar mühüm rol oynayıb və bu sahənin inkişafı birbaşa Ulu Öndərin adı ilə bağlı olub. Onun rəhbərliyi dövründə kitabxana şəbəkəsi genişləndirilib, yeni kitabxanalar yaradılıb, ixtisaslı kadr hazırlığı gücləndirilib və kitabxana işi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Müstəqillik illərində isə Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində kitabxanalar qorunub, bu sahənin hüquqi bazası daha da möhkəmləndirilib.

Direktor vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, kitabxanaların fəaliyyəti müasir dövrün tələblərinə uyğun yenilənib və onların maddi-texniki bazası gücləndirilib. AMEA Mərkəzi Elmi Kitabxanası da bu siyasətə uyğun olaraq Heydər Əliyev irsinin tədqiqi və təbliğini daim diqqət mərkəzində saxlayır, zəngin fondlar, nəşrlər və elmi təşəbbüslərlə oxuculara xidmət göstərir. Hüseyn Hüseynov əminliklə bildirib ki, keçirilən bu konfrans kitabxanaşünaslıq sahəsində aktual məsələlərin müzakirəsinə və yeni yanaşmaların formalaşmasına mühüm töhfə verəcək və iştirakçılara uğurlar arzulayıb.

Konfransda çıxış edən Prezident Kitabxanasının direktoru fil.e.d., professor Afət Abbasova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı fil.ü.f.d, dosent Ələmdar Bayramov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə çıxış edərək kitabxanaşünaslıq elminin tədqiqinə, aktual problemlərinin müzakirəsinə ehtiyacın olduğunu və bu sahənin inkişafına töhfəsini verəcəyini bidiriblər

Daha sonra konfrans öz işini “Heydər Əliyevin Azərbaycanda kitab və kitabxana işinin inkişafında rolu”, “Rəqəmsallaşma şəraitində kitabxana fondlarının formalaşdırılması və idarə olunması”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Korporativ kitabxana sistemlərinin, süni intellekt və yeni texnologiyaların kitabxanaların fəaliyyətinə tətbiqi” kimi mövzularda bölmələrlə davam etdirib.

Anar TURAN

Chosen
20
50
xalqqazeti.az

10Sources