AZ

Qüdrətli dövlətçiliyin memarı

Azərbaycan öz tarixinin ən şərəfli, qürurlu və qüdrətli dövrünü yaşayır. Bu dövr təkcə iqtisadi tərəqqi və ya hərbi güclə deyil, həm də milli suverenliyin tam bərpası, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzi kimi formalaşmağımızla xarakterizə olunur. 

2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər, torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpası Azərbaycanın geosiyasi çəkisini artırdı. Ölkəmiz təkcə Cənubi Qafqazın deyil, Avrasiya materikinin mühüm geosiyasi və geoiqtisadi mərkəzinə çevrildi. Bu gün Bakı dünyanın ən böyük qlobal problemlərinin müzakirə edildiyi, sülh və təhlükəsizlik formatlarının müəyyənləşdiyi məkanlardan biridir. Azərbaycan həm Qərb, həm Şərq mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmağı bacaran nadir ölkələrdəndir. 

Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyi beynəlxalq arenada o qədər möhkəmlənib ki, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri məsələsi Bakısız təsəvvür edilmir. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz Çindən Avropaya qədər uzanan Orta dəhlizin əsas logistik mərkəzi statusunu qazanıb. Ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş mövqeyinin güclənməsi, sadəcə, coğrafi üstünlüklə bağlı deyil. Bu, illərdir yürüdülən balanslaşdırılmış və milli maraqlara söykənən siyasətin, düzgün yürüdülən xarici siyasətin və iqtisadi diplomatiyanın bəhrəsidir. 

Birmənalı vurğulamaq lazımdır ki, Azərbaycanın müasir dövlətçilik tarixi bir-birini tamamlayan iki böyük mərhələnin, təməlqoyma və zirvəyə ucalma dövrlərinin vəhdətindən ibarətdir. Bu günlərdə həyata göz açmasının 103-cü ildönümünü böyük ehtiram və qürurla andığımız Ulu Öndər Heydər Əliyevin strateji zəkası ilə cızdığı şərəfli dövlətçilik yolu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Yəni dövlətçilik yolunun təməlində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri, bənzərsiz dühası, "müstəqilliyimiz əbədidir, dönməzdir" fəlsəfəsi, zirvəsində isə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər dayanır. Azərbaycanın yaşadığı şərəfli günlər məhz illər öncə Ulu Öndər tərəfindən atılmış strateji addımların məntiqi nəticəsidir. 

Dövlətimizin əldə etdiyi hər uğurun təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və tarixi qərarları dayanır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ilk növbədə dövlətin fiziki varlığını qorudu. Azərbaycanın parçalanma təhlükəsi və iqtisadi iflası fonunda xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndər dövlətin varlığını qorumaqla yanaşı, gələcək böyük qələbələrin də əsasını yaratdı. Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini və strateji xəttini dövrün reallıqları ilə uyğunlaşdıraraq, Azərbaycanı regionun mütləq liderinə çevirdi.

Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azadlığı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi. Ümummilli Lider bu istiqamətdə siyasi müstəvidə nəhəng işlər gördü, diplomatik cəbhədə Ermənistanı təcrid etmək və beynəlxalq hüquqi baza yaratmaqla azadlığa gedən yolun inşasına başladı. Ulu Öndər nizamlı ordunun əsaslarını yaradaraq, hərbi təhsil sistemini formalaşdırdı, hər çıxışında "Biz mütləq qayıdacağıq!" deyərək xalqın inamını artırdı. 

Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildən bu yana yürütdüyü uğurlu siyasətin ana xəttini Ulu Öndərin Azərbaycanla bağlı vəsiyyətləri, arzu və istəkləri təşkil edirdi. Prezidentimizin həyata keçirdiyi strategiyanın prioriteti, bütün istiqamətlərdə qazanılan uğurların əsas hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma ocaqlarına qaytarılması və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımızın dalğalanması idi. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına daxil edərək, onu müasir texnologiyalar və "dəmir yumruq" fəlsəfəsi ilə təchiz etdi. Dövlətimizin başçısı hüquqi və siyasi bazanı hərbi qüdrətlə birləşdirərək, Ulu Öndərin diplomatik masada başlatdığı mübarizəni həm döyüş meydanında, həm də beynəlxalq tribunalarda məntiqi sonluğa - tarixi Zəfərə çatdırdı. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə ilə 30 illik həsrətə son qoyuldu. Ulu Öndərin yaratdığı hərbi kadr potensialı Vətən savaşında düşmənə vurulan zərbənin əsas gücünə çevrildi və Ümummilli Liderin ruhu torpaqlarımızın azadlığa qovuşması ilə rahatlıq tapdı.

 Heydər Əliyev ömrünün sonuna qədər qaçqın və məcburi köçkünlərin sosial rifahı üçün çalışdı, ən ağır dövrlərdə məcburi köçkünlərin sosial rifahını hər şeydən üstün tutdu, çadır şəhərciklərinin ləğvinə başladı, qayıdış ruhunu daim yaşatdı. Prezident İlham Əliyev bu siyasəti məntiqi sonluğa çatdırmaqla "Böyük qayıdış" prosesinə start verdi və soydaşlarımızın öz yurdlarına qovuşmasını reallaşdırdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri insanların öz doğma yurdlarına ən müasir şəraitdə qayıtmasını təmin edir. Ümummilli Liderin 2003-cü ildə "Mən ona özüm qədər inanıram" deyərək xalqa təqdim etdiyi cənab İlham Əliyev etimadı tam doğrultmaqla yanaşı, dahi rəhbərin böyük arzularını da reallaşdırdı. 

Azərbaycanın müasir xarici siyasəti Ulu Öndər tərəfindən təməli qoyulmuş strateji kursun məntiqi davamı və yeni müstəvidə icra olunmasıdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı beynəlxalq təcriddən çıxarmaq üçün balanslaşdırılmış xarici siyasət kursunu başlatdı. Ümummilli Liderin uzaqgörənliklə müəyyən etdiyi, çoxvektorlu və milli maraqlara söykənən diplomatiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 

Ölkəmizin iqtisadi yüksəlişinin təməlində də Ulu Öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası və dövlətçilik fəlsəfəsi dayanır. 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyi iqtisadi iflas və xaos şəraitində idi. Ümummilli Lider yaxşı anlayırdı ki, siyasi müstəqilliyin möhkəmlənməsi üçün güclü iqtisadi təməl əsas şərtdir. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Ulu Öndərin iqtisadi uzaqgörənliyinin məhsulu idi və bununla Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının təməli qoyuldu. Bu, təkcə iqtisadi yox, həm də ölkənin müstəqilliyini sığortalayan siyasi bir addım idi. Bu tarixi müqavilə sayəsində xarici investisiyaların ölkəyə cəlb edilməsi dövlətin maliyyə dayanıqlığını təmin etdi. Torpaq islahatı, özəlləşdirmə proqramları və sahibkarlığa dəstək mexanizmlərinin yaradılması ilə bazar iqtisadiyyatına keçidin hüquqi bazası formalaşdırıldı. Həmin təməllər üzərində həyata keçirilən qlobal əhəmiyyətli neft-qaz və bərpaolunan enerji layihələri müasir Azərbaycanı Avropanın enerji təhlükəsizliyini təmin edən əsas təminatçılarından biri etdi. 

 2003-cü ildən etibarən Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi iqtisadi siyasəti yeni dövrün çağırışlarına uyğunlaşdırdı. Dövlətimizin başçısı neft strategiyasını məntiqi sonluğa çatdıraraq Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas qarantlarından birinə çevirdi. "Cənub qaz dəhlizi" (TANAP və TAP) layihələrinin reallaşması Azərbaycanın iqtisadi və siyasi çəkisini qlobal miqyasda artırdı. "Qara qızılı"n insan kapitalına çevrilməsi şüarı altında nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı və turizm sahələrində nəhəng sıçrayış edildi. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrlə Azərbaycan Avrasiyanın logistik mərkəzinə çevrildi. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dövriyyəyə qaytarılması, "ağıllı şəhər" və "yaşıl enerji" zonalarının yaradılması Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələləri oldu.

Ulu Öndər və Prezident İlham Əliyevin iqtisadi siyasətindəki vəhdətin ən böyük nəticəsi Azərbaycanın iqtisadi müstəqilliyidir. Ulu Öndər xarici asılılığı minimuma endirən təməlləri atdı, Prezident İlham Əliyev isə Azərbaycanı donor ölkəyə, qlobal layihələrin təşəbbüskarına və regionun iqtisadi lokomotivinə çevirdi. Bu gün Azərbaycanın valyuta ehtiyatlarının ÜDM-i üstələməsi, xarici borcun aşağı səviyyədə saxlanılması və milli rifahın yüksəlməsi məhz bu varislik və vəhdətin təzahürüdür.

Heç şübhəsiz, dövlətimizin mənəvi sütunlarından biri də milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan ağsaqqallardır. Prezident İlham Əliyevin aprelin 23-də Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayına ünvanladığı müraciət dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmi və ağsaqqallıq institutunun müasir dövrdəki strateji əhəmiyyətini ifadə edir. Dövlətimizin başçısı müraciətində ağsaqqallıq ənənəsini Azərbaycanın milli kimliyinin və dövlətçilik tarixinin sarsılmaz təməli, nəsillərarası mənəvi körpü kimi qiymətləndirdi. Prezidentimiz Vətən müharibəsində qazanılan şanlı Qələbənin əsasında ağsaqqalların gənc nəslə aşıladığı vətənpərvərlik, milli qürur və fədakarlıq tərbiyəsinin dayandığını xüsusi vurğuladı. Dövlətimizin başçısı Ağsaqqallar Şurasını, sadəcə, məsləhətçi orqan deyil, ölkənin ictimai-siyasi və humanitar inkişafında, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində fəal iştirak edən mühüm təsisat kimi səciyyələndirdi. 

 Ağsaqqallar hər zaman Heydər Əliyev yoluna sadiqlik nümayiş etdiriblər, cəmiyyətdə sabitliyin və vətənpərvərliyin qorunmasında böyük rol oynayıblar. Dövlətimizin başçısının ağsaqqallara göstərdiyi diqqət və qayğıya cavab olaraq, ağsaqqallar da cənab Prezidentin siyasətini birmənalı dəstəkləyirlər, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, dövlət siyasətinin xalqa çatdırılmasında fəal iştirak edirlər və bundan sonra da edəcəklər. 

 Nəticə olaraq, müasir Azərbaycanın keçdiyi yol Ulu Öndərin müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən böyük məharətlə, qətiyyətlə və zəfərlə davam etdirilməsi yoludur. Heydər Əliyev irsi ilə İlham Əliyevin uzaqgörən fəaliyyəti arasında varislik prinsipi güclü və qalib Azərbaycan modelinin uğur sirridir. Ulu Öndərin ən böyük şah əsəri olan Azərbaycan bu gün hadisələri yönləndirən, regionun taleyini müəyyən edən və qlobal iqtisadiyyata töhfə verən önəmli güclərdən biridir. Tarixi keçmişinə sadiq, gələcək çağırışlara tam hazır olan Azərbaycan dövləti bundan sonra da öz milli maraqlarını uca tutacaq, regionda sülhün, tərəqqinin və inkişafın əsas rəmzi olmağa davam edəcək. İnkişafımızın və gələcəyimizin qarantı isə xalq-iqtidar birliyi və Ulu Öndər ideyalarına olan sarsılmaz sadiqlikdir.

Eldar QULİYEV,

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor

Seçilən
1
16
azerbaijan-news.az

10Mənbələr