
Avropa Şurası-nın baş katibi Alen Berse İrəvanda çıxışı zamanı bildirib ki, Ermənistanda qarşıdan gələn seçkilər demokratik proseslərə xarici təsirin artdığını əks etdirir.
Onun sözlərinə görə, müasir Avropa təhlükəsizlik konsepsiyası yalnız “sərt” və “yumşaq güc” yanaşmalarına deyil, ilk növbədə demokratik institutlara və vətəndaşların dövlətə inamına əsaslanmalıdır. Berse qeyd edib ki, köhnə təhlükəsizlik yanaşmaları artıq bugünkü çağırışlara cavab vermir.
Baş katib vurğulayıb ki, təhlükəsizlik etibarlı institutlardan – müstəqil qurumlardan, ədalətli seçkilərdən və azad mediadan başlayır. Bu anlayış həmçinin kibertəhlükələrə, terrorizmə və xarici informasiya müdaxilələrinə qarşı müdafiəni də əhatə edir.
Berse əlavə edib ki, bu gün demokratik proseslər getdikcə daha çox xarici təsirlərə məruz qalır. Onun sözlərinə görə, belə hallar artıq Moldova, Çexiya və digər ölkələrdə də müşahidə olunub. Xüsusilə rəqəmsal platformalar və süni intellekt texnologiyalarının inkişafı bu təsirləri gücləndirir.
O qeyd edib ki, bu çağırışlara cavab olaraq texnologiyaların və ya söz azadlığının məhdudlaşdırılması düzgün yol deyil. “Demokratiyanın qorunması senzura və fikir azadlığının boğulması hesabına həyata keçirilməməlidir”, – deyə o vurğulayıb.
Bununla yanaşı, Avropa Şurası xarici informasiya müdaxiləsi və manipulyasiyalarına qarşı çərçivə konvensiyası üzərində işləyir. Bu sənəd seçkilərə, məhkəmə sistemlərinə, təhsil sahəsinə və mediaya yönəlmiş dezinformasiyaya qarşı mübarizəni gücləndirməyi hədəfləyir.
Berse bildirib ki, bu gün dövlət institutları müharibələr, texnoloji dəyişikliklər, miqrasiya prosesləri, iqlim problemləri və dezinformasiya kimi çoxsaylı təzyiqlərlə üz-üzədir. Onun fikrincə, yeni dünya nizamı hərbi, enerji və iqtisadi təhlükəsizliklə yanaşı, ilk növbədə demokratik təhlükəsizlik tələb edir.
Sonda o vurğulayıb ki, davamlı sülh yalnız demokratiya vasitəsilə mümkündür və Ermənistan bu istiqamətdə mühüm rol oynayır. Berse ölkənin baş naziri Nikol Paşinyan-a qonaqpərvərliyə görə təşəkkür edib və Ermənistanın Cənubi Qafqaz və Avropa təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndirib.