EN

Bazarlarda saxta məhsullar aşkarlandı

Saxta kürü məhsulları ilə bağlı monitorinq aparılıb.

Bu barədə Ucnoqta.a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirib. Yoxlamalar çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsinə baxış keçirilib.

Yoxlamalar zamanı “Keşlə Bazarı”, “Özbək Bazarı”, “Sahil Bazarı” və “Yaşıl Bazar”da nöqsanlar aşkar edilib. Bu obyektlərdə etiketsiz, müşayiətedici sənədləri olmayan, yararlılıq müddəti bitmiş məhsulların, həmçinin “Keşlə Bazarı”nda təbii farel kürüsü adı ilə süni kürü satıldığı, “Özbək Bazarı”nda isə süni kürülərin etiketsiz qablaşdırmada satışa çıxarıldığı müəyyən edilib.

Bundan əlavə, 2 ticarət obyektində də (“Balique 2023 LTD” MMC və “Natural Fish”) pozuntular – etiketsiz, müşayiətedici sənədləri olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb. Götürülən nümunələrin müayinəsi nəticəsində 1 kürü məhsulunda (“Natural Fish”) bakteriya (Listeria monocytogenes) aşkar edilib.

Yoxlamalar zamanı 1 idxalçının anbarında (“Food Fish” MMC) məhsulların laborator nəticələri və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Həmçinin süni kürü istehsalı ilə məşğul olan obyektlərdən 1-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlum olub.

Ümumilikdə 15.325 kq qırmızı kürü və 800 qr qara kürünün etiketsiz olduğu və müşayiətedici sənədlərinin olmadığı, 678 qr qırmızı və 1.243 kq qara kürünün isə yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

Sınaq nəticəsi uyğunsuz olan və yararlılıq müddəti bitmiş bütün məhsullar satışdan çıxarılıb və məhv edilib. Nəzarət tədbirləri davam etdirilir.

Qeyd edək ki, Agentlik tərəfindən həm süni, həm də təbii kürü məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılır və norma daxilindədır. Lakin, təbii kürü adı ilə süni kürü məhsullarının satışa təqdim edilməsi istehlakçının aldadılmasıdır və bu hal inzibati məsuliyyət yaradır.

Chosen
19
14
ucnoqta.az

10Sources