Distant iş formatının Rusiyada əmək qabiliyyətli əhali arasında şəkərli diabetin daha tez-tez aşkarlanmasının səbəblərindən biri olduğu bildirilib.
HİT.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Piroqov Universitetinin akademik Sorojaçov adına hospital terapiya kafedrasının baş laborantı, həkim-endokrinoloq Anastasiya Podxvatilina danışıb.
“Əlbəttə, distant işin geniş yayılmasını qeyd etməmək mümkün deyil. Bu, əslində bir kataklizmdir! Biz getdikcə daha az enerji sərf edirik və onu daha asan əldə edirik. Qəbuluma getdikcə daha çox əmək qabiliyyətli yaşda olan 2-ci tip şəkərli diabet xəstələri gəlir və əgər oturaq həyat tərzi və şirin qidalara meyillilik davam edərsə, bu rəqəm yalnız artacaq”, deyə o bildirib.
Podxvatilina əvvəlki və indiki həyat tərzini müqayisə edərək qeyd edib ki, əvvəllər yaşlı nəsil bazarlara daha çox piyada gedir, asudə vaxtda aktiv oyunlara üstünlük verir, şəxsi nəqliyyat isə daha az istifadə olunurdu. İndi isə bir çox insan taksi, karşering və yemək çatdırılma xidmətlərindən istifadə edir. Həkimin sözlərinə görə, belə həyat tərzində orqanizm qida ilə qəbul edilən enerjini, o cümlədən qlükozanı kifayət qədər sərf edə bilmir.
Bununla belə, endokrinoloq vurğulayıb ki, yalnız qidalanma və hərəkətsizlik təkbaşına xəstəliyin yaranmasına səbəb olmur: 2-ci tip diabet mürəkkəb çoxkomponentli mexanizmlə formalaşır, burada irsiyyət və həyat şəraiti də mühüm rol oynayır. Lakin müxtəlif şəraitlərdə eyni genetik risk fərqli şəkildə özünü göstərir, buna görə də bu gün diabetin yayılması onilliklər əvvələ nisbətən xeyli yüksəkdir, o cümlədən gənclər arasında.
Həkim gənclər üçün əlavə risk faktoru kimi sürətli həzm olunan karbohidratlarla zəngin məhsulların əlçatanlığını da qeyd edib. Daha ucuz olan “ağ” çörək və asan hazırlanan ucuz makaron məhsulları tez-tez qidalanmada əsas yer tutur.
Samir