EN

Qazaxıstanda baş verən partlayışla əlaqədar idarələrarası komissiya yaradılacaq

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Astana, 5 may, AZƏRTAC

Ust-Kamenoqorskdakı “Kazsink” müəssisəsində baş verən partlayışın dəqiq səbəbini müəyyən etmək üçün idarələrarası komissiya yaradılacaq.

AZƏRTAC Şərqi Qazaxıstan vilayətinin Akimliyinə istinadla xəbər verir ki, bu barədə bölgənin akimi Nurımbet Saktaqanov operativ qərargahın iclasında məlumat verib.

Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyinin Şərqi Qazaxıstan Vilayət Departamenti bədbəxt hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradacaq, Ekologiya Departamenti isə havanın keyfiyyətinin davamlı ekoloji monitorinqini təmin edəcək. Həlak olan və yaralananların ailələrinə psixoloji və maddi yardım göstəriləcək.

Nurımbet Saktaqanov dağıntıların altında zərərçəkənlərin müəyyən edilməsi üçün axtarış-xilasetmə əməliyyatının davam etdirilməsi barədə tapşırıq verib və Fövqəladə Hallar Departamentinin əməkdaşlarının qəzanın nəticələri tam aradan qaldırılanadək hadisə yerində qalmalı olduğunu vurğulayıb. Bundan başqa, müəssisədə təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət gücləndiriləcək.

Xatırladaq ki, “Kazsink” qurğuşun zavodunun elektroliz sexinin əritmə hissəsindəki tozyığan cihazda partlayış, ardından yanğın və qismən çökmə baş verib. Qəza nəticəsində yeddi nəfər zərər çəkib. Onlardan ikisi həlak olub, ikisi xəstəxanaya yerləşdirilib, üçü isə tibbi yardım aldıqdan sonra evə buraxılıb. Qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına Fövqəladə Hallar Nazirliyinin təxminən 80 nəfər şəxsi heyəti və 18 vahid texnika cəlb edilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
azertag.az

1Sources