EN

İranla müharibə Asiyada enerji böhranını dərinləşdirib - İqtisadi artım zəifləyir, inflyasiya yüksəlir...

Region ölkələri artan enerji xərcləri və valyuta təzyiqləri fonunda iqtisadi itkiləri məhdudlaşdırmağa çalışır...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, İranla bağlı münaqişə Asiya regionunda enerji böhranını daha da gücləndirib və bu, iqtisadi artım tempinin zəifləməsi, eyni zamanda inflyasiyanın yüksəlməsi ilə nəticələnib. Analitik hesabatlara görə, hökumətlər iqtisadi zərbələri azaltmaq üçün müxtəlif tədbirlər görsələr də, vəziyyət mürəkkəb olaraq qalır və getdikcə daha çox maliyyə resursu tələb edir.

Asiya İnkişaf Bankı region üzrə iqtisadi artım proqnozunu aşağı salaraq bu il üçün 4,7%, 2027-ci il üçün isə 4,8% səviyyəsində qiymətləndirib. Halbuki əvvəlki proqnozlarda bu göstərici 5,1% idi. Eyni zamanda, inflyasiya üzrə gözləntilər artırılaraq 5,2%-ə çatdırılıb ki, bu da enerji qiymətlərinin artmasının birbaşa təsiri kimi qiymətləndirilir.

Region ölkələri böhranın təsirlərini müxtəlif yollarla yumşaltmağa çalışır. Hindistanda hökumət yanacaq qiymətlərini inzibati üsullarla aşağı səviyyədə saxlamağa çalışsa da, bu, enerji şirkətləri üçün ciddi maliyyə itkilərinə səbəb olur. Çin isə vəziyyəti strateji ehtiyatlar və enerji təchizatının şaxələndirilməsi hesabına idarə etməyə çalışır, eyni zamanda yanacaq və gübrə ixracına məhdudiyyətlər tətbiq edir.

Valyuta bazarlarında da ciddi təzyiq müşahidə olunur. Filippin pesosu, Hindistan rupisi və İndoneziya rupisi ABŞ dollarına qarşı tarixi minimum səviyyələrə enib. Pakistan iki ildən sonra ilk dəfə olaraq mayeləşdirilmiş təbii qazı daha yüksək qiymətlərlə idxal etməyə başlayıb. İndoneziya ixrac məhdudiyyətləri tətbiq etməklə yanaşı, Rusiyanın da daxil olduğu alternativ bazarlardan neft idxalını artırmağı planlaşdırır.

Yaponiya isə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-dan neft idxalını artırıb və eyni zamanda strateji ehtiyatlardan istifadə etməyə başlayıb. Ekspertlər hesab edirlər ki, region ölkələrinin bu cür addımları qısamüddətli təsirləri azaltsa da, uzunmüddətli perspektivdə enerji bazarlarında qeyri-sabitlik davam edə bilər.

Müşahidəçilərin fikrincə, İranla bağlı münaqişənin davam etməsi Asiyada iqtisadi dinamikanı daha da zəiflədə və qlobal bazarlarda yeni risklər yarada bilər.

Poliqon.info

Chosen
14
50
poliqon.info

10Sources