EN

Kəramət Böyükçöl ilk sevgisindən yazdı

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Orta məktəbdə bir qızı sevirdim.

Mənə elə gəlir ki, o cür sevgilər suçiçəyi kimi hər kəsin həyatında bir dəfə olur.

Bizi yaradan ilahi qüvvəmi, təbiətmi, o duyğuları, sevgidə o təcrübəsizliyi, naşılığı insana bir dəfə verir.

Adam onda qadını özünə də qısqanır.

Təsəvvür belə eləmirsən ki, sən onunla öpüşə bilərsən, sevişə bilərsən.

Gözlərinin içinə baxmaqdan başqa ağlına heç nə gəlmir.

Demək, o qızgilin ev telefonlarını dəyişdirmişdilər.

Atası da poçta bər-bərk tapşırmışdı ki, nömrəmiz ailə üzlərindən başqa heç kimə verilməsin.

Özü də yaydır, məktəb-zad da bağlı.

Hər gecə şəkillərini qabağıma töküb onun səsinin üstündə yatırdım.

Fikirləşdim ki, o qızgilin nömrəsini necə tapa bilərəm?

Hansı variantları düşünürdüm, iflasa uğrayırdı.

Ora-burasına sim soxub onunla danışdığım küçə telefonlarına baxıram, gözlərim dolur.

Çarəsizlik adamın ağlına hər şey gətirir.

Axırda qərara gəldim ki, gedib 3-4 dənə yüz vərəqlik dəftər alım.

Bircə bildiyimsə o idi ki, Bayılda nömrələr 491-lə başlayır.

Dəftərə çoxlu nömrələr yazdım.

491 00 00

491 00 01

491 00 02

491 00 03

Beləcə bütün nömrələrə zəng elədim.

Məsələn, 100 evə zəng eləyib qızın atasını soruşurdum.

– Alo, salam.

– Salam

– Şəhriyar (ad şərtidir) müəllimgildəndir.

– Yox.

Dəftərdə o nömrənin üstündən xətt çəkirdim.

Elə də olurdu ki, zəng etdiyim evdə təsadüfən Şəhriyar adlı adam yaşayırdı.

– Bəli, Şəhriyargilin evidir.

Tez adboy verir və nömrənin altından xətt çəkir, bunu ehtimal kimi nəzərdə saxlayırdım.

Səhəri həmin nömrəyə bir də zəng edir, bu dəfə isə qızın anasının adını soruşurdum.

– Alo, Arifə (ad şərtidir) xanımgildəndir.

– Yox.

Demək, onların evi deyil və o nömrənin də üstünü qaralayırdım.

Yadıma gəlir, zənglərin birində soruşanda ki, Şəhriyar müəllimgildəndir?

Qayıtdı ki, bu evdə Şəhriyar var, amma hələ müəllim deyil, körpə uşaqdır, üç gündür doğulub.

– Bağışlayın, onda səhv düşmüşəm.

Başqa bir zəngdə isə telefonu bir qadın götürdü.

Şəhriyar müəllimi soruşanda dedi ki, rəhmətə gedib.

Bilmədim nə deyəm, kövrək bir səslə:

– Vay-vay. Allah rəhmət eləsin.

– Ölənlərinizə rəhmət. Kim idi danışan?

– Şəhriyarın dostudur.

Qadın başladı Şəhriyarın dostlarından gileylənməyə ki, heç biri yasa gəlmədilər. Xəstə olanda heç halını da soruşmadılar. Bircə sənsən zəng eləyən.

Dedim, mən Rusiyadaydım, təzə gəlmişəm. Valla, xəbərim olmayıb.

– Allah köməyin olsun, bala. Öz evindir. Şəhriyarın dostu mənim balamdır. Gəlin-gedin, heç olmasa qoxusunu sizdən alım.

Təxminən 10 gün canımla əlləşdim, amma bezmir, ümidimi üzmürdüm.

Tapacam, mütləq tapacam.

Mən onu sevirəm.

Ondan ötrü darıxıram.

Onun səsini eşitmək istəyirəm.

Yalvarmaq istəyirəm ki, çıx pəncərəyə, məhlənizə gəlim, səni görüm.

Növbəti zəng!

İlahi, öz səsidir.

Həmişə alonu uzadıb deyirdi.

– Alooo…

– Sevda (ad şərtidir) mənəm.

– Dəli, hardan tapdın nömrəni?

– Uzun söhbətdir. Görüşəndə deyərəm.

– Necəsən?

– Evdə qonaqlar var. Sonra danışarıq.

Hərdən adam canında o darıxmağı gəzir, canında o həyəcanı, narahatlığı axtarır.

Bu istifadə olmuş əllər, istifadə olunmuş baxışlar, xatirəsi olmayan ştuçnı sevgilər adamı yorur.

Görəsən, qapılarını, küçələrini, rayonlarını, ata-anasını, bacı-qardaşını, qohumlarını da sevdiyin o suçiçəyi sevgidən bir də olmayacaqmı?

Kəramət Böyükçöl

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
12
icma.az

10Sources