ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Həkim-pasiyent münasibətləri empatiya üzərində qurulmalıdır. Çünki pasiyent bilməlidir ki, həkimin vəzifəsi onu daha sağlam etməkdir, istər düşüncə, istərsə də fiziki baxımdan. Bəzən bu münasibətlərdə müəyyən kommunikasiya problemləri yaranır. Deyək ki, pasiyent düşünür: “İndi, hazırda sağalmaq istəyirəm, bu, tez bir zamanda baş versin”. Amma anlamır ki, səhiyyə elə bir sahədir ki, bu proses ehtimallar və ardıcıllıq əsasında qurulur. Çünki müalicədə məntiqi davamlılıq olmasa, hər zaman relaps, yəni xəstəliyin geri dönüşü baş verəcək".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov dedi.
Onun sözlərinə görə, istənilən həkimin məqsədi pasiyenti bundan tam azad etmək, onun hər hansı narahatlığını aradan qaldırmaqdır ki, o, daha sonra öz xəstəliyi ilə mübarizə apara bilsin və ya emosiyalarını idarə edə bilsin:
"Bəzən bu kommunikasiya itir, çünki pasiyentin gözləntiləri olur və o düşünür ki, həkim mütləq çox qısa zamanda onun problemini həll etməlidir və sanki bütün dünya onun ətrafında formalaşır. Bu fikirləri heç vaxt qınaq və qərəz kimi ifadə etmirəm. Təbii ki, hər bir pasiyentin sağalmaq haqqı var, amma həkimlərin də məqsədi onu sağaltmaqdır. Bugünkü gün biz burada hər hansı bir körpünü dağıtsaq, qarşılıqlı qərəz yaranacaq. İstər-istəməz empatiya olmayacaq və bu, həm həkimi, həm də pasiyenti inamsızlıq mühitinə salacaq. Belə olan halda sağlam ünsiyyət qurmaq mümkün olmayacaq. Çox vacibdir ki, pasiyent həkimə yaxınlaşanda və həkim pasiyentə yaxınlaşanda burada sağlam ünsiyyət formalaşsın. Çünki insanın ən böyük kəşflərindən biri dialoqdur. İnsan digər canlılardan məhz bu dialoq qabiliyyətinə görə fərqlənir. İnsan öz düşüncəsini, şüurunu və ümumilikdə fərqindəliyini məhz ünsiyyət vasitəsilə ifadə edir".
NURİYYƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.