EN

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb

BAKI,VOA

Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi təqdim olunub.

VOA xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatların rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimi Millətlər Sarayı kompleksinin ən simvolik məkanlarından biri olan və qlobal dialoq üçün yüksək rəmzi əhəmiyyət daşıyan möhtəşəm qəbul zalında (Salle des Pas Perdus) baş tutub.

Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov çıxışında bildirib ki, MAMA “Ana təbiət” layihəsi incəsənət və insanlıq arasındakı dərin əlaqələri araşdıran beynəlxalq bədii təşəbbüsdür. Bu təşəbbüs müxtəlif mədəni mühitlərdən olan sənətkarları bir araya gətirir və müasir dövrdə mövcud olan ekoloji çağırışların aktuallığını əks etdirir.

Sərginin BMT-nin Cenevrə bölməsində təşkilinə görə layihənin ideya müəllifi Leyla Əliyevaya təşəkkür bildirilib. Sərginin tamaşaçılara bədii zövq təlqin etməklə yanaşı, eyni zamanda Ana Təbiətə daha diqqət və qayğı ilə yanaşmağı təbliğ edəcəyindən əminlik ifadə edilib.

BMT-nin Cenevrədəki Ofisinin baş direktoru Tatyana Valovaya çıxışında Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə sərginin təşkilinə verilən töhfəyə görə minnətdarlığını ifadə edib. O bildirib ki, bu sərgi xüsusi və fərqli xarakter daşıyır, çünki o, insanın, bəşəriyyətin və təbiətin vəhdətindən bəhs edir.

T.Valovaya, həmçinin vurğulayıb ki, sərginin məğzini təşkil edən mövzular eyni zamanda BMT-nin prioritetləri sırasındadır. Baş katib Antonio Quterreş 2026-cı il üçün prioritetləri təqdim edərkən əsas istiqamətlərdən biri məhz ətraf mühit və təbiətin qorunması olduğunu bildirib. Qeyd edilib ki, davamlı inkişafdan danışarkən, BMT-nin gələcək illər üçün hədəflərini müzakirə edərkən təbiətlə harmoniyada yaşamaq xüsusi əhəmiyyət kəsb edir. Bu mövzu ilə bağlı ictimai maarifləndirmənin artırılması vacibdir və bunu həyata keçirmək üçün incəsənətdən daha yaxşı vasitə təsəvvür etmək çətindir.

Bu sərgi ilə ilk dəfə 2024-cü ildə Bakıda tanış olduğunu qeyd edən baş direktor bu gün sərginin Cenevrədə təqdim edilməsindən məmnunluq ifadə edib.

Layihə ilk dəfə 2024-cü ildə Bakıda, Heydər Əliyev Mərkəzində COP29 iqlim konfransı çərçivəsində təqdim olunub. Daha sonra Manama, Roma, London, Tbilisi, Berlin və Tirana kimi şəhərlərdə nümayiş etdirilərək beynəlxalq səyyar platformaya çevrilib. Bu müddət ərzində 28 ölkədən 50-dən çox rəssam planetimizin gələcəyi ilə bağlı qlobal müzakirəyə öz töhfəsini verib.

Millətlər Sarayında keçirilən təqdimat xüsusi simvolik əhəmiyyət daşıyır. Diplomatiya və beynəlxalq əməkdaşlığın mərkəzində baş tutan sərgi ekoloji məsuliyyətin yalnız siyasi deyil, həm də mədəni və ictimai düşüncə müstəvisində dərk edilməsinin vacibliyini önə çıxarır.

Millətlər Sarayının qəbul zalında nümayiş olunan əsərlər təbiəti canlı və daim inkişaf edən bir varlıq kimi təqdim edir. Bu yanaşma insanın planetar ekosistemdəki roluna yenidən baxmağa və müasir ekoloji problemlərə daha həssas münasibət formalaşdırmağa çağırır.

Beləliklə, MAMA “Ana təbiət” sərgisi Cenevrədə incəsənət, diplomatiya və ekoloji şüurun qovuşduğu mühüm beynəlxalq platforma kimi çıxış edir.

Chosen
3
10
turkic.world

10Sources