EN

Şadlıq evlərində verilən bu məhsullar sağlamlığınıza təhlükə yaradır – AÇIQLAMA

Toy mövsümünün aktivləşdiyi bir vaxtda şadlıq saraylarında təqdim olunan yeməklərin təhlükəsizliyi yenidən gündəmə gəlib. Xüsusilə, sosial şəbəkələrdə əvvəlki gündən qalan salat və digər qidaların növbəti məclislərdə süfrəyə verilməsi ilə bağlı iddialar narahatlıq doğurur. Mütəxəssislər isə xəbərdarlıq edir ki, saatlarla otaq temperaturunda qalan mayonezli və ətli salatlar ciddi qida zəhərlənməsinə səbəb ola bilər.

Bəs toy süfrəsində saatlarla qalan salatların ertəsi gün yenidən təqdim olunması insan sağlamlığı üçün hansı təhlükələri yaradır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, şadlıq evlərində təqdim olunan bəzi məhsullar xüsusilə risk qrupuna daxildir:

Bizim

“Ümumiyyətlə, şadlıq evlərində süfrəyə təqdim olunan riskli məhsullar var. Bunlara qril məhsulları, balıq, qoyun budundan hazırlanan jiqo, eləcə də ət, toyuq və balıqdan hazırlanan, xüsusilə mayonezli salatlar daxildir. Bəzən məclis saat 6-da başlayır, salatın dadına baxanda isə artıq onun soyuqluq hissi qalmır. Bu isə temperatur rejiminin pozulduğunu göstərir”.

Ekspertin sözlərinə görə, bəzi şadlıq evləri tələskənlik səbəbindən qidaları məclisdən 3-4 saat əvvəl süfrəyə düzür:

“Riskli məhsullar otaq temperaturunda 3 saatdan artıq qaldıqda sürətlə çirklənməyə məruz qalır. Havaların istiləşdiyini nəzərə alsaq, hər saat milyonlarla bakteriya yaranır. Bu isə qida zəhərlənməsinə səbəb olur. Ən doğru variant odur ki, məhsullar toy başlamamışdan təxminən 1 saat əvvəl düzülməli və 2 saat ərzində istehlak edilməlidir. Toydan sonra süfrədə qalan qidaların növbəti gün yenidən təqdim olunması yolverilməzdir”.

Ekspert bildirib ki, bəzi hallarda artıq qalan yeməklər “dəyərləndirmə” adı ilə növbəti məclislərdə istifadə olunur:

“Təəssüf ki, bəzi şadlıq evləri qalan məhsulları növbəti gün yenidən təqdim edir. Bu isə qida zəhərlənməsi riskini artırır. Digər tərəfdən, israfçılıq problemi də var. Toy sahibi də menyunu düzgün planlaşdırmalı, az, amma istehlak ediləcək qədər yemək sifariş etməlidir”.

Mütəxəssis əlavə edib ki, düzgün planlaşdırılmış menyu həm qida təhlükəsizliyini təmin edir, həm də tullantıların azalmasına kömək göstərir.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
22
1
konkret.az

2Sources