Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq.
Aznews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır.
"Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq", - Azər Fərəcov qeyd edib.