EN

"Daxili İşlər Nazirliyi ətrafında aparılan müzakirələr narahatlıq doğurur" - Deputat polisi müdafiə ETDİ

"Son dövrlər sosial şəbəkələrdə və müxtəlif platformalarda hüquq-mühafizə orqanları, xüsusilə Daxili İşlər Nazirliyi ətrafında aparılan müzakirələr narahatlıq doğurur. Dövlətin dayaqlarından biri olan hüquq-mühafizə sisteminin məqsədli şəkildə gözdən salınması heç vaxt təkcə bir quruma qarşı kampaniya olmur. Bu, nəticə etibarilə dövlətə, ictimai sabitliyə və milli təhlükəsizlik mühitinə zərbə vurur. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə inqilabi proseslərin və xaosun başlanğıcı məhz dövlət institutlarına inamın sistemli şəkildə sarsıdılması ilə başlayır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirdi.

Onun sözlərinə görə, əvvəl polis hədəf alınır, sonra məhkəmə, daha sonra ordu və nəticədə cəmiyyətdə “dövlət zəifdir” düşüncəsi formalaşdırılır:

"Bu isə ən təhlükəli mərhələdir. Mən demirəm ki, problem yoxdur. Təbii ki, problemlər mövcuddur. Dünyanın ən inkişaf etmiş ölkələrində belə hüquq-mühafizə sistemində nöqsanlar, vətəndaş narazılığı və sui-istifadə halları olur. Amma əsas məsələ bu problemlərə necə yanaşmaqdır. Biz problemləri həll etmək istəyirik, yoxsa onları emosional şəkildə şişirdərək cəmiyyətdə dövlət ətrafında uçurum yaratmaq? Bu cür yanaşmaların arxasında məqsədli qüvvələrin dayandığı da istisna deyil. Bu gün sosial şəbəkələrdə bəzən bir hadisə araşdırılmadan, hüquqi qiymət verilmədən emosional videolar və çağırışlarla təqdim olunur. Nəticədə insanlar arasında aqressiya artır, dövlət institutlarına etimad zədələnir. Halbuki istənilən məsələni qanun çərçivəsində, mövcud institutlar daxilində, peşəkar müzakirə müstəvisində həll etmək daha sağlam yanaşmadır. Dövlət idarəçiliyi küçə emosiyası ilə deyil, hüquqi mexanizmlərlə həyata keçirilməlidir. Tənqid olmalıdır, amma dağıdıcı yox, konstruktiv və düzəldici xarakter daşımalıdır. Əgər hansısa əməkdaş qanunu pozubsa, bunun üçün daxili nəzarət mexanizmləri, məhkəmələr, prokurorluq və digər institutlar mövcuddur. Lakin bütövlükdə sistemi hədəfə almaq, minlərlə vicdanla çalışan polisi bir hadisəyə görə ittiham etmək doğru deyil.

Unutmamalıyıq ki, polis yalnız forma geyinmiş dövlət qulluqçusu deyil. Polis gecə-gündüz təhlükəsizliyi təmin edən, cinayətkarlıqla mübarizə aparan, bu yolda şəhidlər verən bir sistemdir. Bu sistemi zəiflətmək istəyənlər isə heç vaxt passiv müşahidəçi olmur. Dövlət zəiflədikcə radikalizm, xaos, xarici təsirlər və küçə anarxiyası güclənir. Ona görə də hesab edirəm ki, cəmiyyətin bütün təbəqələri siyasətçilər, media nümayəndələri, ictimai fəallar və sosial şəbəkə istifadəçiləri daha məsuliyyətli davranmalıdır. Tənqid edək, amma dövlətçiliyi sarsıtmayacaq formada. Problemləri dilə gətirək, amma onları düşmənçilik kampaniyasına çevirməyək. Çünki güclü dövlət institutları olmayan yerdə nə demokratiya, nə təhlükəsizlik, nə də sabit gələcək mümkündür".

NURİYYƏ

Chosen
60
3
redaktor.az

4Sources