EN

Türkiyəli diplomatların İrəvan səfəri müzakirə yaratdı

Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri artıq təkcə ölkə daxilində deyil, regionun əsas geosiyasi mərkəzlərində də ciddi maraq doğurmağa başlayıb. Ermənistanda revanşist və Rusiyaya yaxın mövqeyi ilə tanınan türkoloq Varujan Geqamyan bu mövzuda yazdığı geniş məqalədə Türkiyənin seçki prosesinə artan marağını xüsusi vurğulayır.

Musavat.com xəbər verir ki, Geqamyan məqaləsində Ermənistan seçkilərini “geosiyasi seçim” kimi təqdim edir və region uğrunda mübarizə aparan beynəlxalq güclərin prosesə açıq maraq göstərdiyini qeyd edir.

Müəllif xüsusilə Türkiyənin son aylarda Ermənistan daxilində baş verən siyasi prosesləri diqqətlə izlədiyini vurğulayır.

Müəllif qeyd edir ki, Türkiyə Ermənistan daxilindəki ictimai rəy sorğularını belə yaxından izləyir və prosesləri yüksək səviyyədə nəzarətdə saxlayır.

Məqalədə daha sonra aprelin 26-da İrəvana gəlmiş üç türkiyəli diplomatın səfərinə xüsusi yer ayrılır. Bunlar keçmiş səfirlər ömər Onhon, Həsən Göğüş və Həsən Sərvət öktem olub. Onların hamısının hazırda Türkiyənin Ankara Politikalar Mərkəzi adlı analitik qurumunda fəaliyyət göstərdiyi qeyd olunur.

Geqamyan xüsusilə Həsən Sərvət Öktemin bioqrafiyasını qabardır və onun 1984-cü ildə ASALA tərəfindən Tehrandakı Türkiyə səfirliyinə edilən hücum zamanı yaralandığını xatırladır. Müəllif bu detalı xüsusi vurğulayaraq Türkiyə diplomatlarının Ermənistana münasibətini ideoloji çərçivədə təqdim etməyə çalışır.

Geqamyan bütün bunları Türkiyənin Ermənistan daxilindəki siyasi proseslərə artan marağının və Paşinyan hakimiyyətinə verilən açıq siyasi dəstəyin nümunəsi kimi təqdim etməyə çalışır. Məqalənin ümumi ruhunda isə Türkiyə-Ermənistan normallaşma prosesinə və regionda yaranmış yeni siyasi reallıqlara qarşı açıq narahatlıq hiss olunur.

Musavat.com

Chosen
75
musavat.com

1Sources