ABŞ-da 2026-cı il aralıq seçkiləri yaxınlaşdıqca Respublikaçılar və Demokratlar arasında seçki dairələrinin yenidən bölüşdürülməsi uğrunda mübarizə daha da sərtləşir.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı yazı dərc edib.
Sayt analitiki Endryu Hovardın yazdığına görə, Respublikaçılar xüsusilə afroamerikalıların və ispan mənşəli seçicilərin üstünlük təşkil etdiyi dairələri parçalamaqla Nümayəndələr Palatasında üstünlüklərini qorumağa çalışırlar. Demokratlar isə artıq hüquqi mübarizədə ciddi itkilər verdikləri üçün prosesi siyasi təbliğat kampaniyasına çevirməyə başlayıblar.
Məqalədə qeyd olunur ki, cəmi iki həftə əvvəl Nümayəndələr Palatasındakı demokrat lider Hakem Ceffriz “maksimum müharibə, hər yerdə və hər zaman” strategiyası vəd etsə də, vəziyyət qısa müddətdə dəyişib. Virciniya Ali Məhkəməsinin demokratların hazırladığı yeni seçki xəritəsini ləğv etməsi və ABŞ Ali Məhkəməsinin Səsvermə Hüquqları Aktını məhdudlaşdırması Respublikaçılara böyük üstünlük verib. Demokratların noyabr seçkilərinə qədər Respublikaçıların qazandığı ən azı 10 əlavə dairəni neytrallaşdırmaq imkanları demək olar qalmayıb.
Demokratlar indi əsas strategiyanı siyasi narazılıq yaratmaq üzərində qururlar. Partiya hesab edir ki, Respublikaçıların cənub ştatlarında afroamerikalı və ispanların çoxluq təşkil etdiyi dairələri zəiflətməsi həmin seçiciləri daha fəal şəkildə səsverməyə çıxara bilər. Hakimiyyət nümayəndələri bu prosesi “qaradərili seçicilərin siyasi gücünün əlindən alınması” kimi təqdim etməyə çalışırlar.
“Demokratlar afroamerikalı icmalara gedib deyəcəklər ki, Respublikaçılar sizin siyasi gücünüzü əlinizdən almaq üçün əllərindən gələni edirlər. Bu, çox güclü mesajdır”, - deyə Demokrat strateq Yan Rassell bildirib.
Respublikaçılar xüsusilə Texas başda olmaqla bir sıra ştatlarda seçki xəritələrini yenidən çəkərək öz üstünlüklərini möhkəmləndirməyə çalışırlar. Demokratlar da bu sahədə müəyyən uğurlar da əldə ediblər. Məsələn, Kaliforniya qubernatoru Qevin Nyusom ötən il demokratlara əlavə beş dairədə üstünlük qazandıran dəyişiklikləri dəstəkləyib. Lakin Virciniyadakı məhkəmə məğlubiyyəti partiya üçün ağır zərbə hesab olunur. Çünki demokratlara yaxın təşkilatlar həmin xəritənin qəbul olunması üçün 60 milyon dollardan çox vəsait xərcləmişdilər.
Məqalədə Respublikaçıların artıq bu prosesi açıq siyasi qələbə kimi təqdim etdikləri qeyd olunur.
“İki həftə əvvəl hamı soruşurdu ki, yenidən bölgü buna dəyərdimi? İndi isə nəticə Respublikaçılar üçün 16 mandatlıq üstünlükdür”, - deyə Donald Trampın əsas siyasi strateqlərindən biri olan Ceyms Bler sosial şəbəkədə yazıb:
Bununla belə, Demokratlar hələ tam geri çəkilməyiblər. Virciniya demokratları ABŞ Ali Məhkəməsinə təcili şikayət veriblər. Hakim Ceffriz isə Missuri, Florida və Viskonsin ştatlarında da hüquqi mübarizənin davam etdiyini bildirib.
Demokratların daxilində də ciddi narazılıq yaranıb. Xüsusilə İllinoys və Merilend ştatlarında xəritələrin dəyişdirilməsi planlarının uğursuz olması partiya daxilində qarşılıqlı ittihamları artırıb. Məqalədə Merilend Senatının demokrat sədri Bill Fergüson və İllinoys qubernatoru Pritskerin adı xüsusi çəkilir. Bir sıra demokrat funksionerlər onların daha sərt addımlar atmamasından narazıdırlar.
Demokratlar indi seçki xəritələrini dəyişməkdən daha çox Respublikaçıları “sistemi manipulyasiya etməkdə” günahlandırmağa çalışırlar.
“Amerikalılar görürlər ki, Respublikaçılar sistemi öz xeyirlərinə dəyişməyə çalışırlar. Çünki ölkə üzrə uduzduqlarını anlayırlar”, - deyə Demokratların Konqres kampaniyasına rəhbərlik edən Suzan DelBene qeyd edib.
Musavat.com