AZ

Demokratlar Trampdan İsrailin nüvə arsenalını tanımağı tələb edib

ABŞ Konqresində 30 nəfərlik qrup “nüvə qeyri-müəyyənliyi” siyasətinin artıq əsaslandırıla bilmədiyini bildirib...

Poliqon xəbər verir ki, The Washington Post nəşrinin yaydığı məlumata əsasən, ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən 30 demokrat qanunverici Donald Trump administrasiyasını İsrailin nüvə arsenalının mövcudluğunu rəsmi şəkildə tanımağa çağırıb. Qeyd olunur ki, qanunvericilər uzun illərdir “açıq sirr” kimi qəbul edilən bu məsələnin artıq gizli saxlanmasının mümkün olmadığını vurğulayırlar.

Məlumata görə, qanunvericilər Marco Rubio ünvanladıqları məktubda bildiriblər ki, əvvəlki susqunluq siyasəti, xüsusilə İranla qarşıdurma və nüvə eskalasiyası risklərinin artdığı bir dövrdə artıq “əsaslandırıla bilməz”. Məktuba rəhbərlik edən konqresmen Joaquin Castro qeyd edib ki, İsrailin ehtimal olunan nüvə proqramı barədə daha şəffaf məlumatların açıqlanması vacibdir.

Demokratlar İsrailin təxminən 90 ədəd nüvə döyüş başlığına malik olduğu barədə qiymətləndirmələrin mövcud olduğunu xatırladaraq, Vaşinqtondan bu proqramın əsas elementləri, o cümlədən uranın zənginləşdirilməsi imkanları barədə məlumatların açıqlanmasını tələb ediblər. Bundan əlavə, qanunvericilər İsrailin hansı şərtlər daxilində nüvə silahından istifadəni nəzərdən keçirə biləcəyi ilə bağlı ABŞ-ni əvvəlcədən məlumatlandırıb-məlumatlandırmadığının da araşdırılmasını istəyiblər.

Qeyd edilir ki, təşəbbüs ABŞ-nin Yaxın Şərq siyasətində ən həssas məsələlərdən birinə toxunur. Belə ki, 1969-cu ildən etibarən ABŞ və İsrail arasında “nüvə qeyri-müəyyənliyi” kimi tanınan qeyri-rəsmi razılaşma mövcuddur. Bu yanaşma İsrailə nüvə arsenalının olub-olmadığını nə təsdiqləmək, nə də inkar etmək imkanı verir.

Demokratlar hesab edirlər ki, bu cür siyasət ABŞ-nin nüvə silahlarının yayılmaması ilə bağlı qlobal mövqeyinə zərbə vurur. Onların fikrincə, Vaşinqtonun İrana qarşı sərt məhdudiyyətlər tələb etdiyi bir şəraitdə İsrail məsələsində susqun qalması beynəlxalq etimadı zəiflədir və ikili standartlar barədə tənqidləri gücləndirir.

Poliqon.info

Seçilən
83
19
poliqon.info

10Mənbələr