Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Hörmüz boğazının açılmasının regional və qlobal iqtisadiyyat üçün çox vacib olduğunu vurğulayaraq, bütün diplomatik səylərin dəstəkləndiyini bildirib. O deyib ki, boğazdan “silah” kimi istifadə olunması həm enerji təhlükəsizliyini, həm də qlobal sabitliyi ciddi şəkildə təhdid edir. Fidan həmçinin bölgədə gərginliyin azaldılması və müharibənin yenidən başlamasının qarşısının alınması üçün diplomatiyaya üstünlük verilməsinin vacibliyini qeyd edib.Bəs Hörmüz boğazı uzun müddət bağlı qalsa, qlobal enerji bazarları üçün əsas risklər nələrdir? İran niyə Hörmüzdən geosiyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır?
Türk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Hörmüz boğazının silah kimi istifadəsi və bağlanması qlobal iqtisadiyyatı ciddi şəkildə sarsıdıb və artıq bunun təsirləri bütün dünyada hiss olunmağa başlayıb. Neftin qiyməti əvvəlki qiymətindən - təxminən bir barel üçün 60 dollardan artaraq 100 dolları keçib. Bu vəziyyət, xüsusilə, enerji sektoru başda olmaqla bütün təchizat zəncirlərinə təsir edən böyük geosiyasi və iqtisadi hadisəyə çevrilib. Nəticədə qida məhsulları bahalaşıb, bir çox ölkələrdə ərzaq əlçatanlığı zəifləyib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO belə, milyonlarla insanın aclıq riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Politoloqun fikrincə, məsələnin ən təhlükəli tərəfi beynəlxalq dəniz hüququnun sarsılması ehtimalıdır.
Əsrlər boyu formalaşmış beynəlxalq hüquqa əsasən, təbii boğazlar heç bir dövlətin tam dominantlığı altında ola bilməz və bütün ölkələr həmin marşrutlardan sərbəst və dinc şəkildə istifadə etmək hüququna malikdir. Bu keçidlərə görə əlavə rüsum və ya siyasi məhdudiyyət tətbiq olunması beynəlxalq hüququn ruhuna zidd hesab olunur. Bu baxımdan İranın Hörmüz boğazında dominantlıq yaratmaq cəhdi və yalnız dost hesab etdiyi ölkələrə keçid imkanı tanıyıb, başqalarına məhdudiyyət qoyması beynəlxalq sistem üçün çox təhlükəli presedent yarada bilər.
Politoloqun fikrincə, belə bir model qəbul edilərsə, təbii boğazlara sahib olan başqa dövlətlər də oxşar addımlar ata bilər: “Məsələn, Türkiyə Bosfor və Çanaqqala boğazlarında oxşar siyasət tətbiq edə biləcəyini iddia etsə və ya başqa dövlətlər eyni yanaşmanı seçsə, bu, qlobal ticarət və təhlükəsizlik sistemində ciddi anarxiya yaradacaq. Bu mənada İranın Hörmüz boğazını bağlaması əslində ABŞ üçün də yeni geosiyasi imkanlar yaradır. Dəniz nəzəriyyəsinə görə, dəniz yollarına nəzarət edən güc dünya iqtisadiyyatına və siyasətinə təsir imkanını artırır. Bu səbəbdən ABŞ-ın əsas diqqəti Malakka boğazı, Bab əl-Məndəb və başqa strateji keçid məntəqələrinə yönələ bilər.
Xüsusilə Malakka boğazı həm strateji, həm də iqtisadi baxımdan dünyanın ən vacib marşrutlarından biri hesab olunur. Bu bölgələr üzərində nəzarət uğrunda rəqabətin güclənməsi uzunmüddətli perspektivdə dünya ticarətinin dəniz yolu ilə həyata keçirilməsini daha baha və riskli edə bilər”.
Politoloq bildirib ki, bölgədə mümkün blokada və ya hərbi gərginlik Yaxın Şərqdə sabitliyi daha da zəiflədər və enerji resurslarının quru marşrutları ilə daşınması məsələsini yenidən gündəmə gətirər. Bu kontekstdə Qətər–Türkiyə təbii qaz xətti, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə üzərindən keçə biləcək enerji marşrutları daha aktual görünə bilər. Bu vəziyyət Türkiyənin geostrateji əhəmiyyətini artırsa da, eyni zamanda yeni təhlükəsizlik və maliyyə xərcləri də yarada bilər.
“Başqa mühüm məqam ondan ibarətdir ki, İran Hörmüz boğazının geosiyasi əhəmiyyətini çox yaxşı anlayır və onun bu təsir imkanından asanlıqla imtina etməsi gözlənilmir. Çünki boğazdan keçən əsas dəniz xətti İranın kontinental şelfinə yaxın ərazidən keçir və bu da Tehranın təsir imkanlarını artırır. İran müharibənin vurduğu iqtisadi zərərləri kompensasiya etmək üçün tranzit haqlarından və ya başqa iqtisadi mexanizmlərdən istifadə etməyə çalışa bilər. Hətta bəzi iddialara görə, hər tanker üçün 2 milyon dollar həcmində ödəniş tələb olunması ehtimalı müzakirə edilir. Bunun fonunda İranın ABŞ qarşısında əsas tələblərinin kompensasiya, dondurulmuş vəsaitlərin azad olunması və sanksiyaların yumşaldılması ilə bağlı olduğu bildirilir”, – deyə biıdirib. O, hesab edir ki, indiki şəraitdə problemin diplomatik yollarla həlli ən real variant kimi görünür.
Türkiyənin xarici işlər naziri Hakan Fidan dəfələrlə vurğulayıb ki, region ölkələri arasında həmrəylik və əməkdaşlıq gücləndirilməli, regional problemlər xarici müdaxilə olmadan həll edilməlidir.
Politoloqun fikrincə, Ankara hesab edir ki, əgər bölgə dövlətləri ortaq mövqe nümayiş etdirə bilsələr, ABŞ və İsrail kimi güclərin Yaxın Şərq və Körfəz üzərində təsir imkanları zəifləyə bilər: “Türkiyə müharibənin ilk günündən başlayaraq, problemin hərbi deyil, diplomatik yollarla həllini müdafiə edən nadir ölkələrdən olub. Türkiyə bu mövqedə Pakistan, Misir və Səudiyyə Ərəbistanı kimi dövlətlərlə müəyyən ortaq yanaşmalar formalaşdırmağa çalışıb”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.