EN

Yaxşı camaatın nağılı...

Düzü, Anarın “Yaxşı padşahın nağılı”nı xeyli gec, səhv etmirəmsə, 90-cı illərdə tapıb oxumuşdum. Sonradan öyrəndim ki, hekayə 70-ci illərin lap əvvəllərində yazılıbmış. Onda uşaq idim, amma necə olubdur ki, sonrakı illərdə hekayəyə rast gəlməmişəm, doğrusu, bilmirəm, çünki hekayələrini yox, amma yazıçının sovet dövründə çap olunan bütün povestlərini və məşhur romanını (jurnal variantında) oxumuşdum, hətta deyim ki, müəllif o vaxt ən çox oxunan yazıçılardan idi.

Görünür, diqqətsiz olmuşam, hərçənd, o gün bir yazıda da qeyd etmişdim ki, sovetin vaxtında biz rayon uşaqlarının kitabdan və televiziyadan başqa bir şeyimiz yox idi. Sözüm bu yazıçıdan düşmüşkən, illər öncə bir maraqlı detal olmuşdu – elə bir ciddi məsələ olmasa da hər halda maraqlı idi.

Siyasətçilərimizdən biri müsahibəsində demişdi ki, hələ uşaqlıqda (yanıılmıramsa, 10-12 yaşında) Anarın “Ağ liman” və digər povestlərini oxuyurdum.

Doğrusu, bu, mənə nəinki inandırıcı görünməmişdi, hətta qeyri-ciddi təsir bağışlamışdı. Bilirsinizmi, 10-12 yaşlı uşaq hətta ali riyaziyyatı da öyrənə bilər. Dünyada nəinki yüzlərlə, bəlkə minlərlə belə misallar olub. Dahilər bir yana, sovetinda vaxtı elə bizim Azərbaycanımızda bir 12 yaşlı yeniyetmədən yazmışdılar, özü də deyəsən, onda deyilən kimi, “beynəlmiləl ailə”dən çıxmışdı. Qərəz, gənc 12 yaşında məktəbi bitirib Tibb İnstitutuna qəbul olunmuşdu səhv etmirəmsə. Özü də deyirdi ki, neyrocərrahiyyəylə məşğul olmaq istəyir.

Təxminən elə o vaxtlarda bir erməni yeniyetmə haqqında da oxumuşdum, o, da məktəbi 12 yaşında bitirmişdi və kibernetik olmaq istədiyini demişdi – o vaxt kibernetika, robotlar çox dəbdəydi, lap əsrin birinci yarısında nüvə fizikası kimi.

Demək istədiyim bu, deyil. Bir daha deyirəm ki, 10-12 yaşlı uşaq hətta ali riyaziyyatı da bilər, amma o, QADIN - KİŞİ münasibətlərini qəti anlamaz, bununçün yaş, həyat təcrübəsi lazımdır, uşaq nə bilir, QADIN kimdir - nədir? Lap “Anna Karenina”nı da oxuyar, amma başa düşərmi, hiss edərmi? Məncə, yox!..

Yazıçı Anarın da “Ağ liman”ı, elə “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” də belə əsərlərdən idi, düşünürəm ki, hətta “Macal” da uşaqlarçün deyildi. Odur ki, siyasətçi qardaş məncə, bir azca öyünmək istəmişdi, amma uğursuz alınmışdı.

O ki qaldı “Yaxşı padşahın nağılı”na, əlbəttə ki, öyünməli əsər-hekayədir. Dəfələrlə yazmışam ki, dissident ədəbiyyatı yox, rəsmi senzuradan keçmiş və dərc olunmuş əsərlərdən söhbət gedirsə, inanın, sovet vaxtı bəzi hallarda ucqarlarda elə şeylər yazılırdı və çap olunurdu ki, Moskvanın özündə tapa bilməzdin. Bir dəfə o dövrün yazıçılarından Vasil Bıkov da qeyd etmişdi. Deyirdi ki, bəs belaruscadakı əsərlərində daha sərbəstmiş, nəinki rus dilindəki...

Məşhur hekayə niyə birdən yadıma düşdü? Bilirsiz, ağlıma gəldi ki, istedadlı ədəbi yazarlardan biri “Yaxşı camaatın nağılı” adlı bir hekayə də yazsaydı yaxşı olardı, çünki “yaxşı camaat” (dırnaqda!) olmayanda “yaxşı padşahlar” (yenə də dırnaqda!) da olmur.

Baxırsan, kiçik bir şey olan kimi, çox yerlərdə (sorağı çatır!) hamı yalan olur, “xalq”ın özü başlayır ki, belə daha yaxşıdır, gərək, bu, əvvəldən belə olaydı! Özü də söhbət məhdudiyyətlərdən, hətta yasaqlardan gedir!

Özümüzdə də müşahidə edirəm. Söhbət quru sərhədlərdən gedir. Başa düşürəm, İranla bağlı qoy, bir müddət məhdudiyyətlər qalsın, hərçənd, müharibə getsə də, əgər səhvim yoxsa, qardaş Türkiyə ölkəylə sərhədləri bağlamayıb - bir daha deyirəm ki, səhvim varsa, üzürlü sayın.

Hətta Ermənistanla insanlarçün sərhədin açılması ən azı yaxın ayların söhbəti deyil, amma ölkədə seçki uğurla başa çatsa, hər şey yaxşı bitsə, Kreml istədiyinə çatmasa, niyə də yox? O ki qaldı Gürcüstan və Rusiya məsələsinə, burada real olaraq sərhədi bağlamaq üçün ciddi əsas yoxdur. Dünyada ən böyük dövlətlər də daxil olmaqla eləsi yoxdur ki, ona qarşı hansısa təhdid, təhlükə olmasın. Neyləməlidirlər? İnsanlara evdən çıxmağı yasaqmı etməlidirlər? Hətta ən güclü, böyük dövlətlərçün qaçaqmalçılıq, silah alveri, narko-ticarət, qanunsuz miqrasiya və s. kimi problemlər olub və indi də var. Onlar neyləməlidir?..

Hər şey bir yana, birincisi, büdcədə hər il bəzi strukturlara nə qədər vəsait ayrılır, ikincisi, zəruri halda “gücləndirilmiş rejim” anlayış olur!

Məsələ bu cür asanlıqla, sadəcə, sərhədləri bağlamaqla “həll olunacaqsa” bu strukturlara nə ehtiyac? Bəlkə onlara ayrılan vəsaiti yönəldək daha həssas sosial qrupların, əsas da ciddi sağlamlıq problemi olan müharibə iştirakçılarının - qazilərin, çətin durumda olan təqaüdçülərin problemlərinin həllinə?..

Nə görürük? Hətta bəzi müstəqil insanlar da az qala, deyirlər ki, çoxdan tətbiq edilməlidi bu, belə daha yaxşıdır!..

Deyilənə görə, ABŞ-da belə şey var: konqresmenlər cəmiyyətin sayıqlığını yoxlamaqçün hərdən, necə deyər, “feyk aktlar” qəbul edir.

Bizdə də hansısa məmur, deputat və ya qeyrisi bilərəkdən, yaxud da bilməyərəkdən bizi yoxlamaq, zond xarakterli yanlış şey deyər, bəs bizə nə gəlib? Niyə hamımız dərhal alqış deməliyik? Heç nə yox, heç olmasa, nəyəsə şübhə etmək haqqımız qalıb, ya yox? Bəlkə məmur və ya deputat dediyi sözün neqativ qarşılandığını hiss etsə, hər ağlına gələn şeyi durub dərhal bizə ünvanlamağa tələsməz?..

Hamı da qayıdır ki, filankəsin şəxsi fikridir, o, belə düşünür! Olsun! Amma dünyada belə şey yoxdur axı! Dünyanın bütün konstitusiyalarında xüsusi qeyd olunur ki, filan maddələr, xüsusən də insan haqlarıyla bağlı olanlar heç halda ləğv edilməz, yalnız müəyyən müddətə qismən, özü də beynəlxalq birliklərə, BMT - filana xəbər verməklə məhdudlaşdırıla bilər! Belə maddə bizim konstitusiyamızda da vardı: bir daha deyirəm, bəzi maddələr heç bir referendum, plebistsit, yaxud parlament səsverməsiylə dəyişdirilməz!..

Yerdəyişmə hüququ da dörd fundamental azadlıqdan sayılır və yalnız xüsusi hallarda, ağır ekstremal vəziyyətlərdə (müharibə, epidemiyalar və s. İndi hantavirus haqda xəbərlər peyda olub. Lap bir-iki ay bunu da gözləyək, görək, nə olur? Amma əbədi belə davam edə bilməz, bilmək olmur, tibbi epidemiyadan qorunuruq, yoxsa kimlərisə az qala, qarabasma kimi təqib edən siyasi?) müvəqqəti məhdudlaşdırıla bilər.

Vaxtilə kiçik hekayədə (yazıçı–filan deyiləm, elə-belə, fikrimdən keçmişdi, yazmışdım) də qeyd etmişdim ki, bəs filankəsin ağlına gələnlər axırda bəhmənkəsin başına gəlirdi! İndi də unutmayaq ki, bizim məmurların, bəzi “deputat”ların ağlına gələn hər şey son nəticədə bizim başımıza gəlir, başımızda çatlayır - əlbəttə, hələ baş deyilən şey qalıbsa...

Chosen
10
musavat.com

1Sources