JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

“Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və Logistika Forumu”nda ixrac və logistika sahəsində mövcud imkanlar, qlobal ticarət dəhlizlərinin inkişafı və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Bakı Şəhərsalma Həftəsi çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə “Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və Logistika Forumu” keçirilib. Tədbirdə rəsmi şəxslər, ixracatçılar, logistika və nəqliyyat üzrə fəaliyyət göstərən şirkətlərin, həmçinin dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizdə qeyri-neft ixracının təşviqi, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixracatçıların beynəlxalq ticarət proseslərində dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, müasir qlobal ticarət mühiti ixrac və logistika sahələrində yeni yanaşmaların tətbiqini və tərəfdaşlıqların inkişafını zəruri edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB subyektlərinin ixrac potensialının artırılması, onların logistika imkanlarına çıxışının genişləndirilməsi və beynəlxalq bazarlara inteqrasiyası barədə fikirlərini bölüşüb. Bildirilib ki, ixrac və logistikada mühüm rolu olan KOB-ların qarşısında beynəlxalq standartlara və sertifikatlara uyğunlaşma, beynəlxalq şəbəkələrə çıxış, rəqəmsallaşma və s. kimi çağırışlar mövcuddur. Bu kimi məsələlərlə bağlı olaraq KOB-lara müxtəlif istiqamətlərdə dövlət dəstəyi göstərilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov müasir şəhərsalma ilə bağlı yanaşmaların iqtisadi inkişaf, nəqliyyat-logistika infrastrukturu və ticarət əlaqələrinin genişləndirilməsi ilə sıx bağlı olduğunu vurğulayıb. O, qeyd edib ki, müasir şəhər və infrastruktur həlləri ticarət, logistika və biznes mühitinin inkişafına töhfə verən mühüm amillərdəndir.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan Ofisinin nümayəndəsi Runze Vanq müasir şəhərsalma, şəhərlərin iqtisadi dayanıqlığı və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə çıxış edib. Bildirilib ki, şəhərlərin iqtisadi və logistika baxımından inkişafı qlobal tərəfdaşlıqların gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Tədbir çərçivəsində “İxrac, logistika və qlobal ticarət dəhlizləri” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə nəqliyyat dəhlizlərinin effektivliyi, gömrük prosedurlarının təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi, ixrac və logistikaya dair aktual məsələlər müzakirə olunub.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX