EN

Yol qəzalarının 50 faizi bu yollarda baş verir – Sürücülərin nəzərinə

Bölgələrə səfər edən sürücülər son dövrlər rayon və kənd yollarında işıqlandırma sisteminin kifayət qədər olmamasından ciddi şəkildə narazılıq edirlər. Xüsusilə gecə saatlarında hərəkət edən nəqliyyat vasitələri üçün görünüş məsafəsinin azalması, yol nişanlarının və piyada keçidlərinin zəif seçilməsi təhlükəsizlik risklərini daha da artırır.

Bir çox regionlarda yol infrastrukturunun bu mühüm elementi ya ümumiyyətlə yoxdur, ya da yararsız vəziyyətdədir. Bu isə xüsusilə magistral yollara çıxış nöqtələrində, kəndarası yollar və yaşayış məntəqələrinin keçdiyi ərazilərdə qəza ehtimalını yüksəldən əsas amillərdən birinə çevrilir.

Sürücülər haqlı olaraq sual edirlər ki, bu istiqamətdə niyə daha sistemli və davamlı tədbirlər görülmür? Çünki işıqlandırmanın olmaması təkcə texniki çatışmazlıq deyil, birbaşa yol təhlükəsizliyinə təsir edən faktordur və nəticəsi bəzən ağır yol-nəqliyyat hadisələri ilə yekunlaşır.

Nəqliyyat eksperti Elməddin Muradlı Musavat.com-a açıqlamasında bildirib ki, ağır nəticəli yol qəzalarının təxminən 50 faizə yaxını qaranlıq və ya zəif işıqlandırılan vaxtlarda baş verir: “Bu, sadəcə ehtimala əsaslanan rəqəm deyil, Dövlət Statistika Komitəsinin rüblük hesabatlarında da öz əksini tapan real göstəricidir.
Təəssüf ki, bu rəqəmlərə bəziləri ciddi yanaşmır, sadəcə statistik məlumat kimi qəbul edir. Halbuki söhbət rəqəmdən yox, insan həyatından gedir, yarımçıq qalan ömürlər, faciə ilə dağılan ailələr, gözü yolda qalan uşaqlar var.

Təəssüf doğuran məqamlardan biri də bəzi qurumların bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşmamasıdır. İşıqlandırma ilə bağlı dövlət səviyyəsində verilmiş tapşırıqlar olsa da, bir çox ərazilərdə hələ də ciddi irəliləyiş hiss olunmur.

Bəzi hallarda ayrılan vəsaitlərin səmərəli istifadəsi əvəzinə formal yanaşma və laqeydlik müşahidə olunur. Halbuki bu, birbaşa insan həyatının təhlükəsizliyi ilə bağlı məsələdir və burada gecikməyə yer yoxdur.

Təcrübə göstərir ki, işıqlandırılmış yollarda qəzaların sayı nəzərəçarpacaq dərəcədə azalır. Məsələn, Hacıqabul rayonunun Aran qəsəbəsində aparılan müşahidələr də bunu təsdiqləyib: əvvəllər tez-tez piyada vurulması hadisələri qeydə alınan ərazidə işıqlandırma sistemi bərpa edildikdən sonra qəzaların sayı minimuma enib.

Sonradan məlum olub ki, həmin ərazidə işıq dirəkləri mövcud imiş, sadəcə texniki baxım və bərpa işləri aparılmadığından sistem işlək vəziyyətdə deyilmiş. Problem aradan qaldırıldıqdan sonra vəziyyət kəskin şəkildə yaxşılaşıb”.

Ekspert deyir ki, işıqlandırma həm sürücülər, həm də piyadalar üçün əsas təhlükəsizlik elementlərindən biridir. Xüsusilə gecə saatlarında bu faktor həlledici rol oynayır.

“Şəhərsalma və infrastruktur layihələrindən danışarkən bu məsələlərə laqeyd qalmaq olmaz. Qaranlıq yollar sürücünün görmə imkanlarını məhdudlaşdırır, reaksiya vaxtını azaldır və qəza riskini artırır. Əksər kənd yollarında və magistral yollarda işıqlandırmanın olmaması ciddi problem olaraq qalır. Nəticədə piyadaların vurulması, qarşılıqlı toqquşmalar və kəsişmələrdə qəza halları daha çox müşahidə olunur. Badamdar qəsəbəsində dəyəri milyonlarla olan villalar var. Amma o villalara gedən yollar qaranlıqdır. Bu məsələ təkcə texniki yox, həm də sosial məsuliyyət tələb edən problemdir. Çünki yol təhlükəsizliyi birbaşa insan həyatının qorunması deməkdir”.

Şahanə Rəhimli
Musavat.com

Chosen
66
musavat.com

1Sources