EN

Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yarada bilər”

"Tibb bacısı ixtisasının kolleclərdə tam şəkildə ləğv olunması məqsədəuyğun olmaz”.Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.Müşfiq"Tibb bacısı hazırlığının yalnız universitetlərə keçirilməsi məsələsinə emosional deyil, səhiyyə sisteminin real ehtiyacları prizmasından yanaşmaq lazımdır. Hesab edirəm ki, hazırkı mərhələdə tibb bacısı ixtisasının kolleclərdə tam şəkildə ləğv olunması məqsədəuyğun deyil. Çünki bu sahə səhiyyə sisteminin dayanıqlığını təmin edən əsas insan resurslarından biridir və xüsusilə regionlarda orta tibb işçilərinə ciddi ehtiyac qalmaqdadır.

Bu gün dünyanın bir çox ölkəsində tibb bacısı hazırlığı müxtəlifpilləli model əsasında həyata keçirilir. Yəni həm kolleclər, həm də universitetlər paralel şəkildə fəaliyyət göstərir. Əsas məsələ təhsil müəssisəsinin adı deyil, verilən təhsilin keyfiyyəti, klinik praktikanın səviyyəsi və beynəlxalq standartlara uyğunluğudur”.Əgər tibb bacısı hazırlığı yalnız universitetlərdə həyata keçirilsə, bu, bir sıra ciddi risklər yarada bilər:"İlk növbədə kadr çatışmazlığı problemi arta bilər və xüsusilə regionlarda orta tibb işçilərinin təminatı zəifləyə bilər. Təhsil müddətinin uzanması və maliyyə yükünün artması bu sahəyə marağı azalda bilər. Həmçinin xəstəxanaların gündəlik fəaliyyətində fasilələr yaranmasına və xidmət keyfiyyətində geriləməyə səbəb olar.

Çünki müasir səhiyyə sistemi yalnız həkimlər üzərində qurulmur; güclü tibb bacısı institutu olmadan nə icbari tibbi sığorta modeli, nə ailə təbabəti sistemi, nə də ümumi xəstə məmnuniyyəti effektiv şəkildə işləyə bilər”.Əsas istiqamət “kollecləri bağlamaq” deyil, onları transformasiya etmək olmalıdır:

"Amma digər tərəfdən mövcud modelin yenilənməsinə ciddi ehtiyac var. Məncə əsas istiqamət “kollecləri bağlamaq” deyil, onları transformasiya etmək olmalıdır. Bu çərçivədə tibb kolleclərində qəbul və akkreditasiya meyarlarının sərtləşdirilməsi, tədrisin keyfiyyətini artırmaq üçün simulyasiya mərkəzlərinin və klinik praktikaların gücləndirilməsi vacib addımlardandır. Eyni zamanda, müəllim heyətinin yenilənməsi və beynəlxalq sertifikasiya modelinə keçid, həmçinin kollecdən universitetə keçidi asanlaşdıran “bridge proqramlar”ın tətbiqi sistemin çevikliyini artıra bilər. Bundan əlavə, tibb bacılığı sahəsində reanimasya, onkologiya, neonatal xidmət və ailə sağlamlığı kimi ixtisaslaşmış istiqamətlərin inkişafı da vacib amillərdəndir. Mən hesab edirəm ki, gələcəkdə ali təhsilli tibb bacılarının sayı artırılmalıdır. Çünki rəqəmsal səhiyyə, intensiv terapiya, transplantasiya, onkologiya və icbari tibbi sığorta dövründə tibb bacısının funksiyası əvvəlki illərlə müqayisədə daha mürəkkəb və məsuliyyətli xarakter alır. Lakin bu keçid mərhələli və planlı şəkildə aparılmalıdır”.Digər tibb kollec ixtisaslarına gəldikdə isə, bəzi istiqamətlərdə struktur yenilənməsinə ehtiyac olduğu aydın görünür:"Məsələn, feldşer hazırlığı modeli yenidən nəzərdən keçirilməlidir, çünki müasir səhiyyə sistemində bu peşənin funksiyalarının bir hissəsi artıq ailə həkimliyi və təcili yardım xidmətlərinə inteqrasiya olunur. Eyni zamanda, laborator diaqnostika və radiologiya sahələrində baş verən texnoloji inkişaflar daha yüksək səviyyəli akademik və praktiki hazırlıq tələb edir. Stomatoloji texnik və əczaçılıq üzrə təhsil proqramları da müasir texnologiyalara uyğunlaşdırılmalıdır. Bundan əlavə, bəzi köhnəlmiş ixtisasların isə əmək bazarının real tələbatına uyğun şəkildə optimallaşdırılması və ya yenidən strukturlaşdırılması vacibdir.

Əsas məqsəd diplom sayını artırmaq deyil, peşəkar və praktik bacarıqlara malik tibbi kadr formalaşdırmaqdır. Səhiyyə sistemində keyfiyyətli xidmət üçün həkimlə yanaşı peşəkar tibb bacısı, laborant, paramedik və digər orta tibb işçilərinin güclü hazırlanması strateji əhəmiyyət daşıyır”.

Chosen
7
1
sabahinfo.az

2Sources