Rusiyada yerləşən Çaqırskaya mağarasında aşkar edilən 59 min illik Neandertal dişi elmi ictimaiyyətdə böyük maraq doğurub. Tədqiqatçılar hesab edir ki, bu tapıntı tarixdən əvvəlki insanların diş çürüyünə müdaxilə etdiyini göstərən ən qədim sübutlardan biri ola bilər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Alimlərin bildirdiyinə görə, diş Altay dağlarında yerləşən mağarada tapılıb. Həmin ərazidə Neandertalların təxminən 49-70 min il əvvəl yaşadığı ehtimal olunur. Tapılan azı dişi digər nümunələrdən fərqlənib dişin tac hissəsində sinir və damarların yerləşdiyi pulpa boşluğuna qədər uzanan dərin bir dəlik aşkarlanıb. Bu isə həmin şəxsin ciddi diş ağrısından əziyyət çəkdiyini göstərir.
Tədqiqat zamanı alimləri ən çox təəccübləndirən məqam isə dəliyin ətrafında müşahidə edilən izlər olub. Bu izlər dişin iti uclu daş alətlə şüurlu şəkildə oyulduğunu ehtimal etməyə əsas verib. Aparılan müasir analizlər və eksperimentlər nəticəsində müəyyən olunub ki, çürük sahə həqiqətən də belə bir alətlə təmizlənmiş ola bilər.
Araşdırmanın müəlliflərindən biri, alim Alisa Zubova bildirib ki, bu fakt Neandertalların ağrının mənbəyini anladığını və onu aradan qaldırmaq üçün məqsədli şəkildə müdaxilə etdiyini göstərir. Diş üzərindəki aşınma izləri isə həmin şəxsin bu prosedurdan sonra dişdən istifadə etməyə davam etdiyini sübut edir.
Alimlər eksperimentlər zamanı müasir insan dişləri üzərində də oxşar üsulu sınaqdan keçiriblər. Nəticədə məlum olub ki, iti daş alətlə qısa müddətdə çürük toxumanı təmizləmək mümkündür. Bununla belə, real şəraitdə ağız daxilində, ağrı və iltihab fonunda bu cür müdaxilənin həyata keçirilməsi olduqca çətin hesab olunur.
Bu kəşf Neandertalların düşündüyümüzdən daha inkişaf etmiş olduqlarını bir daha təsdiqləyir. Son illər aparılan araşdırmalar onların yalnız alət istifadə etməklə kifayətlənmədiyini, həm də sosial münasibətlər, qayğı və hətta müəyyən tibbi müdaxilələr həyata keçirdiyini göstərir.
Mütəxəssislər hesab edir ki, belə bir prosedurun başqa bir şəxs tərəfindən icra olunması ehtimalı da var. Bu isə Neandertallar arasında qarşılıqlı yardım və sosial bağların mövcudluğuna işarə edir.
Ümumilikdə, bu tapıntı tibb tarixini minlərlə il geriyə aparır və göstərir ki, insanın sağlamlıqla bağlı şüurlu davranışlarının kökləri çox qədim dövrlərə dayanır.
NURİYYƏ