EN

XİN rəhbəri: Hibrid təhdidlər Türk dövlətləri arasında daha sıx koordinasiya tələb edir - Yenilənib 

15 may 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunda keçirilən qeyri-rəsmi iclasında iştirak və çıxış edib..

XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov çıxışı zamanı regional və beynəlxalq təhlükəsizlik mühitinin həssas olaraq qaldığını, artan geosiyasi qeyri-müəyyənliklər, davam edən münaqişələr, hibrid təhdidlər, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların Türk dövlətləri arasında daha sıx həmrəylik və koordinasiya tələb etdiyini bildirib.

Bu məqsədlə təhlükəsizlik, nəqliyyat, enerji dayanıqlılığı, kibertəhlükəsizlik və digər strateji sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, Orta Dəhlizin və Türk dünyası vasitəsilə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb bağlantı layihələrinin strateji əhəmiyyəti qeyd edilib.

Nazir çıxışında “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunun aktuallığını qeyd edərək, süni intellekt texnologiyalarının iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, səhiyyə və təhlükəsizlik sahələrində sürətli transformasiya yaratdığını bildirib. Eyni zamanda, kibertəhlükəsizlik, məlumatların qorunması, dezinformasiya və texnoloji bərabərsizlik kimi çağırışların diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Azərbaycanın rəqəmsal transformasiya və innovasiya əsaslı inkişaf siyasətinə xüsusi önəm verdiyi, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Tədbirlər Planı”nın bu istiqamətdə mühüm əhəmiyyət daşıdığı bildirilib.

Ölkəmizin “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Avropa ilə Asiya arasında rəqəmsal bağlantının gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb. Bu kontekstdə Trans-Xəzər fiber-optik kabel layihəsinin strateji əhəmiyyəti qeyd edilib.

Türk dövlətləri üçün rəqəmsal transformasiyanın uzunmüddətli əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən biri olduğu qeyd edilərək, rəqəmsal infrastrukturun gücləndirilməsi, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində birgə tədqiqat və innovasiya əməkdaşlığının inkişaf etdirilməsi, insan kapitalına və rəqəmsal bacarıqlara investisiyaların artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində süni intellekt sahəsində əməkdaşlıq üzrə hüquqi baza yaradılması təşəbbüsü ilə çıxış etdiyi bildirilməklə yanaşı, Təşkilatın Katibliyinin institusional və rəqəmsal imkanlarının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi yenidənqurma işləri barədə məlumat verilib, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanın innovativ və dayanıqlı şəhərsalma sahəsində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qəbulunun göstəricisi olduğu qeyd edilib.

Sonda iclas zamanı aparılacaq müzakirələrin Türk dövlətləri arasında həmrəyliyin, koordinasiyanın və tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunda Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Poliqon xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edilib ki, nazir iclasda çıxış edib.

Ceyhun Bayramov artan geosiyasi qeyri-müəyyənliklər, hibrid təhdidlər, qlobal təhlükəsizlik və bağlantı çağırışları fonunda türk dövlətləri arasında həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Orta Dəhlizin strateji rolu, rəqəmsal bağlantı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, süni intellekt əsaslı innovasiyalar və Trans-Xəzər fiber-optik kabel təşəbbüsünü əhatə edən “Rəqəmsal İpək Yolu” layihəsi diqqətə çatdırılıb.

Nazir həmçinin həmkarlarını Azərbaycanın 2026–2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı” yenidənqurma işləri barədə məlumatlandırıb.

2026-cı ildə Bakıda keçiriləcək WUF13-ün Azərbaycanın dayanıqlı şəhərsalma baxışının göstəricisi olduğu qeyd edilib.

Azərbaycanın rəqəmsal transformasiya və Türk Dövlətləri Təşkilatı çərçivəsində süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlığın inkişafına sadiqliyi bir daha təsdiqlənib.

Poliqon.info

Chosen
5
9
poliqon.info

10Sources