EN

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

ABŞ-nin Kolumbiya Universiteti alimlərinin apardığı yeni araşdırmaya görə, həm az, həm də həddindən artıq yuxu insan orqanizminin daha sürətli qocalması ilə əlaqəlidir. 

“MedicalXpress” portalının məlumatına görə, tədqiqat “Nature” jurnalında dərc olunub.

Araşdırmanın rəhbəri, Junhao Ven bildirib ki, yuxu beyin sağlamlığı ilə yanaşı, demək olar ki, bütün orqanların vəziyyətinə təsir göstərir. Onun sözlərinə görə, düzgün yuxu metabolik balansın və immun sisteminin qorunması üçün vacibdir.

Tədqiqat zamanı Böyük Britaniya Biobankasının yarım milyona yaxın iştirakçısının məlumatları analiz edilib. Alimlər süni intellekt və “yaşlanma saatları” adlanan xüsusi texnologiyadan istifadə edərək müxtəlif orqanların bioloji yaşını qiymətləndiriblər. Nəticələr göstərib ki, gündə 6 saatdan az və ya 8 saatdan çox yatmaq daha sürətli bioloji qocalma ilə əlaqəlidir. Ən sağlam göstəricilər isə gündə təxminən 6,5-7,8 saat yatan insanlarda müşahidə olunub.

Araşdırmada, həmçinin qısa yuxunun depressiya, narahatlıq, piylənmə, 2-ci tip diabet və ürək xəstəlikləri ilə əlaqəli olduğu müəyyən edilib. Həm az, həm də çox yatmaq isə ağciyər və həzm sistemi xəstəlikləri riskini artırıb.

Yuxu müddəti insan sağlamlığının əsas göstəricilərindən biridir və düzgün yuxu rejimi sağlam qocalma üçün vacib rol oynayır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources