Astana, 15 may, AZƏRTAC
Qlobal qeyri-sabitlik dövründə türk dövlətlərinin birliyi xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Biz mürəkkəb və qeyri-sabit geosiyasi vəziyyətdə yaşayırıq. Beynəlxalq və regional səviyyədə rəqabətin daha da gücləndiyi müşahidə olunur. Tez-tez silahlı toqquşmalar və müharibələr baş verir. Bu proseslərin dünya iqtisadiyyatında sabitliyi necə pozduğunu hamımız görürük. Yaxın Şərqdəki vəziyyətin mənfi nəticələri artıq qonşu region ölkələrində də hiss olunmağa başlayıb”, – deyə Qazaxıstan lideri vurğulayıb.
Tokayevin sözlərinə görə, türk dövlətlərini əsrlərə söykənən ortaq tarix birləşdirir və mövcud şəraitdə onlar ümumi tərəqqi naminə iqtisadi və investisiya tərəfdaşlığını fəallaşdırmalı, səylərini birləşdirməlidirlər.