Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son dövrlər Ermənistanın həm Qərblə yaxınlaşmaq, həm də Rusiya ilə münasibətləri tam qoparmamağa çalışması regionda diqqətlə izlənilir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Rusiya ilə sağlam və tərəfdaşlıq ruhunda münasibətlər qurmaq niyyətindəyik” açıqlaması ilə İrəvanın balans siyasətini davam etdirmək istədiyi mesajını verdi. Bu yanaşmanın isə Cənubi Qafqazda geosiyasi münasibətlərə, regional layihələrə və güc mərkəzləri arasındakı təsir mübarizəsinə necə təsir edəcəyi maraq doğurur.Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a bildirib ki, Ermənistan uzun illərdir balanslı və çoxvektorlu siyasət apardığını bəyan etsə də, reallıqda bu xəttin tam formalaşmadığı görünür:“Çünki bir dövlət uzun müddət hansısa güc mərkəzinin təsiri altında fəaliyyət göstəribsə, onun müstəqil və balanslı siyasi kurs yürütməsi asan olmur. Bu baxımdan Ermənistanın zaman-zaman Azərbaycanın xarici siyasət modelini təkrarlamağa çalışdığı da müşahidə edilir. Rəsmi İrəvan həm Qərb, həm Şərq istiqamətində münasibətlər qurmağa cəhd göstərsə də, bu siyasətin nə dərəcədə səmimi və davamlı olduğu sual doğurur. Məsələnin əsas tərəfi ondan ibarətdir ki, Ermənistan rəhbərliyi artıq gələcək siyasi istiqaməti ilə bağlı daha aydın seçim etməlidir. Ölkənin hansı geosiyasi xəttə üstünlük verəcəyi, Qərb, Rusiya və digər güc mərkəzləri ilə münasibətləri hansı prinsiplər əsasında quracağı hələ də tam müəyyənləşməyib. Belə mürəkkəb proseslərdə siyasi liderlərin şəxsi nüfuzu və yanaşması xüsusi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev illərdir ölkənin maraqlarını əsas tutaraq həm Qərb, həm də Şərq dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurulmasının vacibliyini açıq şəkildə ifadə edir”. Ermənistan isə daha çox situativ və fürsətçi siyasət yürütməkdə ittiham olunur.O deyib ki, Azərbaycan tərəfi uzun illər ərzində Ermənistanla kompromis mühiti formalaşdırmağa, danışıqlar yolu ilə nəticə əldə etməyə çalışsa da, bu cəhdlər real nəticə vermədi:“Sonrakı dövrdə isə Ermənistanda siyasi dəyişikliklər baş verdi. Keçmiş prezident Serj Sarkisyan parlament idarəçiliyi modelinə keçidlə hakimiyyətini qorumağa çalışdı. Daha sonra isə kütləvi proseslər fonunda Nikol Paşinyan hakimiyyətə gəldi. 2020-ci il müharibəsindən sonra Ermənistan məğlub olsa da, Paşinyanın yenidən xalq dəstəyi qazanması göstərdi ki, cəmiyyətin müəyyən hissəsi artıq uzunmüddətli qarşıdurmadan yorulub və daha fərqli yanaşma istəyir. Bunun fonunda Ermənistanın həm Avropa İttifaqına inteqrasiya meylləri göstərməsi, həm də Avrasiya İqtisadi Məkanında qalması diqqət çəkir. Bu ziddiyyətli siyasət hətta Vladimir Putin tərəfindən də açıq şəkildə sual altına qoyulub. Nikol Paşinyan hazırda həm Qərblə, həm də Rusiya ilə paralel münasibətlər saxlayaraq hər iki tərəfdən faydalanmağa çalışır. Xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Ermənistan üzərindən müxtəlif malların daşınması İrəvana iqtisadi üstünlüklər qazandırır. Bu vəziyyəti həm Rusiya, həm də Qərb görsə də, ciddi reaksiya vermir. Qarşıdakı siyasi proseslər, xüsusilə seçkilər Ermənistanda hakimiyyətin real potensialını və müxalifətin imkanlarını daha aydın göstərəcək. Hazırda isə Paşinyanın elektorat bazasının kifayət qədər güclü olduğu bildirilir. Regionda yaranan yeni geosiyasi və iqtisadi reallıqlar fonunda Ermənistanın da əməkdaşlıq və inteqrasiya imkanlarını düzgün qiymətləndirməsinin vacibliyi vurğulanır. Azərbaycan artıq regionda mühüm iqtisadi və siyasi potensial formalaşdırıb. Bu baxımdan Ermənistanın əlavə siyasi eksperimentlərdən daha çox regional əməkdaşlığa üstünlük verməsinin onun üçün daha faydalı ola biləcəyi qeyd edilir. Xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın həm iqtisadi, həm siyasi, həm də regional subyektlik baxımından yeni mərhələyə keçməsinə imkan yarada bilər”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.